Ukraynanı təmsil edən güləşçi: "Azərbaycan mənim üçün çox şeyi ifadə edir"

"Güləş çox çətin idman növüdür. Bir xala görə özünü öldürürsən. Mən də rəqibə 6 xal vermişdim. Şükürlər olsun, Allah mənə güc verdi, finala çıxdım".

Sportline.az xəbər verir ki, bu fikirləri Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov (67 kq) Tokio-2020 Yay olimpiya oyunlarında finala vəsiqə qazanması barədə danışarkən deyib.

23 yaşlı idmançı Azərbaycanı çox sevdiyini bildirib: "Bu ölkədə doğulmuşam. Nənəm, babam bəlkə də mənə baxıb sevinirlər. Azərbaycan hər zaman mənim üçün doğmadır. Öz millətim, öz dilimdir. Ukraynanı təmsil etsəm də, Azərbaycan mənim üçün çox şey ifadə edir, mənim vətənimdir. Ağstafanın Muğanlı kəndindənəm. Bütün Azərbaycana, doğma kəndimə salam göndərirəm. Hər zaman sizi düşünürəm".

15 ildir Ukraynada yaşadığını deyən Nəsibov olimpiadadan sonra Azərbaycana gəlmək istədiyini söyləyib: "Atamın Azərbaycanda işləri alınmadı. Ona görə Ukraynaya köçdük. Yenidən Vətənə qayıdıb-qayıtmayacağımı Allah bilir. Hələlik Ukraynadayam. Olimpiadadan sonra vətənimə getmək istəyirəm. Nənəmlə babamı çoxdandır görmürəm. Onları, qohumlarımı görmək istəyirəm. Sonuncu dəfə 15 il əvvəl orada olmuşam. Hər il getmək istəsəm də, yarış, təlim-məşq toplanışları imkan vermir".

Nəsibov Ukrayna millisində ciddi rəqabətin olduğunu vurğulayıb: "Heç vaxt ağlıma gəlməzdi ki, olimpiadada finala çıxacağam. Hər şey Allahın əlindədir, mənim yolumu Ukraynaya salıb. Azərbaycanda 1 il idmanla məşğul olmuşam. Bu il mənim üçün çox çətin oldu. Ukraynada çempionatında 3-cü yeri tutdum. Rəqibdən güclü olsam da, uduzdum. İlk lisenziya turnirində istəyim baş tutmasa da, ikincidə məqsədimə çatdım. Ukrayna yığmasında yaxşı rəqabət var. Mən səhərdən axşamadək məşq edirəm. Güləşdən başqa heç nə bilmirəm. Məktəb oxumaq istəyirəm, o da alınmır. Udmaq istəyirsənsə, gərək, çox məşq edəsən".

Qeyd edək ki, Pərviz Nəsibov avqustun 4-də qızıl medal uğrunda iranlı Məhəmməd Reza Gerayi ilə qarşılaşacaq.