Zirvədən uçuruma aparan qərar

Ölkə kubokunun yarımfinal görüşləri fərqli abu-havada keçdi. İnter-Qarabağ görüşündə qonaqların 4 cavabsız qolu, demək olar ki, cavabsız sual saxlamadı. Təəssüf ki, digər oyun haqqında bunu söyləmək olmur. Mövsümü mükafatsız başa vurmamaq istəyində olan rəqiblərin gözünü kuboka dikdiyini nəzərə alsaq, Neftçi-Qəbələ matçının gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Yaxşı ki, rəqib futbolçular və azarkeşlər arasında hər hansı insident qeydə alınmadı. Bu qarşılaşma daha çox, oyun idarəçiliyində buraxılan səhvlərlə yadda qalacaq. Bir qədər də dəqiq desək, 74-cü dəqiqədəki epizodla.  Qapıçı Aqil Məmmədovun Aleksey Qayı cərimə meydançasında yıxmasını simulyasiya kimi qiymətləndirən FİFA referisi Əliyar Ağayev oyunun nəticəsinə təsir edən kobud səhvlə haqlı tənqid atəşinə tuş gəldi. Oyunsonrası açıqlamalarında hakimlikdən narazılığını gizlətməyən Roman Qriqorçukun “rüsvayçılığa son qoyulmalıdır” çağırışı isə yəqin ki, mövsümün ən sərt və cəsarətli açıqlaması kimi yadda qalacaq. Bu, eyni zamanda bəslədiyi bəhərin oğurlanma təhlükəsindən doğan bir haray idi. Hakim cəzaları ilə bağlı qərarlar açıqlanmasa da, Ağayevin bir neçə oyunluq premyerliqa və kubok yarışlarında idarəçilikdən uzaqlaşdırılacağı gözlənilir. Ümid edək ki, FİFA referisi səhvlərdən nəticə çıxaracaq. Son illərdə Azərbaycan hakimliyinin ən perspektivli simasının cibindəki vərəqələrin rəngini almasını istəməzdik.

Bu cür epizodlarda daha çox müzakirə olunan epizoda yaxın mövqe tutmaq sarıdan problem yox idi. Hər şey, onun gözləri qarşısında baş verdi. Necə deyərlər, “epizod əlinin içində idi”. Həmin anda onun ürəyinin içindən keçən  nə idi bəs? Ədalət, cəsarətsizlik, qeyri-müəəyyənlik, məsuliyyətsizlik, ya,  qərəz hissi? İlk və son qeyd olunanlar hakimliyin zirvə və uçurumudur. Dünən güvəndiyimiz zirvəyə qar yağdı. Tanrı uçuruma yuvarlanmaqdan qorusun!    

Tural Xudiyev