17 yaşında dünya çempionu olmuş həmyerlimizdən xəbər-ətər yoxdur

Vladislav Lemiş. Gənc nəsil tanımaz. Amma yaşlı nəslin əksər nümayəndələri onu yaxşı xatırlayır. Lemiş 80-ci illərdə Azərbaycan futbolunun yetişdirib üzə çıxardığı istedadlı futbolçulardan biri olub. Lemiş bakılıdı. Azərbaycandan çıxıb ölkə xaricində legioner həyatı yaşayan ilk futbolçulardandır. Hətta Avropada oynamış ilk futbolçudur desək, daha doğru olar. Çoxları Azərbaycanın Avropadakı ilk təmsilçisinin Vəli Qasımov olduğu fikrindədir. V.Qasımov 1992-ci ilin sonlarında “Betis"ə keçib. Ondan bir neçə ay əvvəl isə Lemiş İspaniyanın digər təmsilçisi “Espanyol"la müqavilə imzalayıb. Lemişin futbol tariximizdə başqa unikal göstəricisiləri də var. “Neftçi"nin yetirməsi 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşlılar arasında dünya çempionu olmaqla, böyük bir uğura imza atıb. Rusiya millisinin tarixində ilk oyunda meydana çıxan Lemiş, sonradan Azərbaycan yığmasına da cəlb edilib. Beləcə SSRİ, Rusiya və Azərbaycan yığmalarında forma geyməklə dünya futbolunda nadir bir hadisəyə səbəb olub...

17 yaşında SSRİ İdman ustası adını aldı

Lemiş Vladislav Yuryeviç 1970-ci ilin avqustun 20-də Bakıda doğulub. Tanıyanlar deyir ki, çox istedadlı və parlaq gələcək vəd edən futbolçu idi.  “Ehtiyat Əmək Qüvvələri" Futbol Cəmiyyətinin yetirməsidi. İlk müəllimi Ələkbər Cəfərov olub. Kiçik yaşlarından qol vurmaq bacarığı ilə yaşıdlarından seçilib. Tezliklə “Neftçi"yə cəlb edilib. İlk vaxtlar əvəzedici komandada oynayıb. Sonradan paralel olaraq əsas komandaya da cəlb olunub. 1987-ci ildə futbolumuzun digər təmsilçiləri Vladislav Qədirov və Arif Əsədovla birgə SSRİ-nin yeniyetmələr yığmasına çağrılıb və Kanadada keçirilən dünya çempionatında 1-ci yeri tutublar. Buna görə həmin il, hər üçü 17 yaşında SSRİ idman ustası adıyla təltif ediliblər. SSRİ dövründə İdman ustası adı verilərkən yaş yox, göstərilən nəticə nəzərə alınırdı. Onda hamı heyətində birdən-birə 3 gənc dünya çempionu yer alan “Neftçi"ni parlaq gələcəyinə ümid edirdi. Amma Qədirov və Lemiş onlardan gözlənilən uğurların heç cüzi bir hissəsini də qazanmadılar. Bunu Lemişin “lipa" olmasıyla izah edənlər var idi. Mübahisəli məsələ olduğundan bunun üzərində dayanmasaq, yaxşıdır. Dəqiq olan budur ki, çempionların sonradan bəxtləri heç gətirmədi. 80-ci illərin sonu, 90-ci illərin əvvəli böyük futbolçu kimi yetişmək üçün münasib vaxt deyildi. Hər halda Qədirovdan və Əsədovdan fərqli, Lemiş buna cəhd etdi. Müəyyən dərəcədə irəli də gedə bildi...

“Spartak"ın qapısına vurulan ilk qolun müəllifi

Lemiş “Neftçi"nin heyətində 1988-ci ildə Moskva “Dinamo"suyla görüşdə SSRİ çempionatının güclülər dəstəsində debüt edib. Çempionat ərzində cəmi 4 oyunda meydana çıxıb. 1990-cı ildə “Neftçi"nin düşərgəsindən ayrılıb və Krasnodara yollanıb. Azərbaycanı tərk etməsində anasının qərarı həlledici olub. Çünki həmin vaxt  Azərbaycanda müharibə başamışdı, ölkədə vəziyyət stabil deyildi. 20 Yanvar faciəsindən sonra Lemiş anası ilə birgə Azərbaycanı tərk edərək öncə Volqoqrada, oradan isə Krasnodara yollanıb. Son SSRİ çempionatında 1-ci dəstədə “Kuban"ın şərəfini qoruyub. Komandanın əsas qol silahına çevrilib və 15 qolla liqanın bombardirləri sırasında yer alıb. Lemiş yeni mövsümə o vaxt üçün çox güclü olan Moskva “Torpedo"sunda başlamalıydı. Gəl ki, müəyyən səbəblər üzündən Krasnodarda qalmalı olub. O, müstəqil Rusiyanın ilk çempionatında güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparan “Kuban"ın lideri sayılırdı. 1992-ci il mövsümündə 15 oyunda 5 qolla yenə komandasının ən sərrast futbolçusu olub. Bu toplardan biri Rusiya çempionatları tarixində Moskva “Spartak"ının qapısına vurulan ilk qol kimi tarixə düşüb. Belə ki, “Lujniki"də keçirilən qarşılaşmanın 10-cu dəqiqəsində Stanislav Çerçesovu məyus edib (moskvalılar sonuncu dəqiqədə Vladimir Besçatnıxın vurduğu topla həmin görüşdə 2:1 hesabı ilə qələbə qazanmışdılar - red.). Elə həmin matçda Lemiş ispaniyalı seleksiyaçıların diqqətini özünə cəlb edib. Moskva “Torpedo"suyla gözlənilmədən heç-heçə etdikləri görüşdə ispanlar bakılı forvardı bir daha canlı izləyiblər və onu “Espanyol"a dəvət ediblər. Amma Lemiş birinci mərhələ başa çatmadığından gözləməli olub. Nəhayət, 1992-ci ilin avqustunda Barselonaya yollanıb. “Espanyol"la müqavilə imzalamaq üçün.

Bu da İspaniya, bu da Kataloniya

Lemiş nəinki Azərbaycanın, ümumiyyətlə postsovet məkanının SSRİ-nin dağılması ilə birgə Qərbə axın edən ilk futbol elçilərindən sayılır. Ancaq məşhur klubun rəsmi oyunlarda formasını geymək ona nəsib olmayıb. O vaxtlar İspaniyada legioner limiti ilə bağlı vəziyyət fərqli idi. Barselona klubunda normada olduğu qədər əcnəbi vardı. Bu üzdən 22 yaşlı gənc həmyerlimiz oyun praktikasının yoxluğundan əziyyət çəkməsin deyə, 2-ci divizionda çıxış edən “Palamos"a icarəyə verilib. Qalanını futbolçunun öz dilindən eşidək. Karyerasını bitirdikdən sonra Rusiyanın məşhur “Sport-Ekspress" qəzetinə verdiyi müsahibədə Vladislav İspaniya macərası haqda geniş danışmışdı:

- Özümü aldatmağın mənası yox idi. Bilirdim ki, “Espanyol"da möhkəmlənmək şansım azdı. Başqa kluba icarəyə veriləcəyimi gözləyirdim. Avropada belə praktika geniş yayılıb. Mənimlə Barselonadan 60 km aralıda olan balaca katalon şəhərciyinin komandası maraqlandı. “Palamos" 2-ci diviziona təzə yüksəlmişdi. Eyniadlı qəsəbənin cəmi 12 min əhalisi vardı və klub rəhbəliyi qarşımıza böyük məqsədlər qoymamışdı.

- Siz hadisələrin bu cür cərəyan etməsindən razı qaldınız?

- Əhvalımı korlamadım. Özümü göstərmək imkanım vardı. Həm də İspaniyanın 2-ci divizionunda da səviyyə yetərincə yüksək idi. Meydanda güc futbolu gedirdi, mən isə heç vaxt buna qarşı olmamışam. Əlbəttə, ilk 3 ayda müəyyən çətinliklər var idi. Əsas da dillə bağlı. Sonradan hər şey qaydasına düşdü.

- “Palamos"un Lemişdən başqa legionerləri vardı?

- Bəli, özü də tam dəst. Məndən başqa yuqoslav Miziç və argentinalı Alfaro Moreno oynayırdı. Məşqçi Petroviçin gedişindən sonra onları “Espanyol"dan xaric etmişdilər.

- Siz baş roldaydız, yoxsa...

- Daim oynayırdım. Düzdür, zədə üzündən 2 ay futboldan kənarda qaldım. 38 oyundan 25-də iştirak etdim, 8 top vurdum. Bu göstəriciyə görə komanda yoldaşlarımdan yalnız biri məni qabaqladı.

- Aralıq dənizi sahilində həyatınız necə keçirdi?

- Pis deyildi. Yayda tətilə, dincəlməyə gələnlərin sayəsində balaca şəhərimizin əhalisi 10 dəfə artırdı. O şəhərdə pis şəraitli ev yox idi. Mən 7 otağı olan ikimərtəbəli evdə qalırdım.

- 12 minlik şəhərdə oyun vaxtı stadiona nə qədər adam gəlirdi?

- Bizim 5 minlik stadionumuz demək olar ki, həmişə dolu olurdu. Şəhər əhalisinin yarısı komandasının oyununa baxmağa yığışırdı. Azarkeşlər hətta legionerlərin şərəfinə stadiona bayraq da asmışdı: Argentina, Yuqoslaviya və Rusiya bayrağını. Mövsümün sonunda Moreno və Miziç komandanı tərk etdi.

- Bəs Lemiş?

- 1993-cü ilin yayında mən onlarla 2 illik yeni müqavilə imzaladım. Şərtlərinə görə “Espanyol"dakından bir qədər geri qalırdı. Amma məni tam razı salırdı. Gəl ki, İspaniyada qalmaq mənə qimət deyilmiş... Yeni mövsümdə “Palamos"da artıq 4 oyun keçirmişdim. Və birdən kluba İspaniya Futbol Federasiyasından faks gəldi - Lemiş sizin komandada oynaya bilməz, müqaviləni pozun!

- Səbəb nə idi?

- İspanlar Rusiyadan mənim transfer sertifikatımın təsdiqini almamışdılar. Belə olan halda “Palamos"un məni necə çempionatın iştirak ərizəsinə saldığını hələ də başa aça bilmirəm... Bu işləri şəxsi müqaviləm olan xüsusi agentim aparırdı. Amma ondan da heç bir məntiqli izahat ala bilmədim.

- Sonra nə oldu?

- Gizlətməyim, bu xəbər mənə çox pis təsir etdi. Klub rəhbəliyi bir ayda məni elə-belə heyətdə saxlayıb, maaş verdi. Bəlkə, düzəldi deyə, qalmağımı çox istəyirdilər. Amma alınmadı. Moskavaya dönməli oldum.

Maltada nə baş vermişdi?

Rusiyaya qayıtdıqdan sonra ÇSKA ilə müqavilə bağlayan Lemiş bir vaxtlar Rusiya millisində oynamasına rəğmən yığmamıza dəvət alıb. Yeri gəlmişkən, o, 1992-ci ilin avqustun 16-da Rusiya millisi tarixində ilk oyununu keçirib. Şimal qonşularımız SSRİ-nin bütün istedadlı futbolçularına sahib çıxmaq üçün hamının qabaqlayıb tez bir zamanda onları yığmalarında oynatmağa çalışıb. Dünya çempionu Lemişə Azərbaycanın yiyələnəcəyindən qorxan ruslar, “Kuban" kimi autsayder komandada oynamasına baxmayaraq, ona da dəvət göndəriblər. ABŞ-da keçirilən Meksikayla yoldaşlıq oyunu 2:0 hesabıyla rusların xeyrinə başa çatıb. Vladislav son 11 dəqiqədə meydanda olub. Sonradan bakılı hücumçu gözlənilən səviyyəyə qalxmadığı üçün millinin məşqçilərinin diqqətindən kənarda qalıb. Bundan istifadə edən Fuad Musayev onu vətəni Azərbaycanın şərəfini qorumağa dəvət edib. 1994-cü ilin aprelin 19-da Maltada keçirilən yoldaşlıq görüşündə Lemiş yığmamızın formasını geyinib. “Cırtdanlar" komandamızı 5:0 hesabı ilə darmadağın ediblər. Bundan sonra vətən də unudulub. Səbəbini dəqiq demək çətindi. Futbolçu keçən il Rusiya mətbuatına verdiyi geniş müsahibədə Azərbaycan yığması haqqında danışarkən bu oyuna da toxunmuş və məhz Maltaya məğlubiyyətindən sonra komandadan getdiyini bildirmişdi: “Həmin məğlubiyyətdən sonra Azərbaycan yığmasında oynamaq xoş deyildi".

Şəkər zavodunun işçisi

Həmin ildən Lemişin karyerasında eniş dövrü başlayıb. O, maliyyə imkanları pisləşən “Kuban"ı tərk edib. 1995-ci ildə ümumiyyətlə, peşəkar futbola “əlvida" deyib. Ancaq Krasnodar diyarının yerli həvəskar komandalarında oynayıb. Bir ara hətta məcburiyyət qarşısında qalıb Timoşevsk şəhərində şəkər zavodunda işləyib. Eyni zamanda “İzumrud" adlı komandanın tərkibində bölgə çempionatında “görünüb”. Məhz burada çəkisi xeyli artan bakılı bombardiri Şimalı Qafqazda tanınmış məşqçi sayılan Səfərbəy Yeşuqov görüb və onu yenidən peşəkar futbola qaytarıb. Lemiş Yeşuqovun rəhbərlik etdiyi 2-ci liqa təmsilçisi Maykop “Drujba"sında ikinci gəncliyini yaşayıb, 1996-cı ildə 11 qolla komandasının qoleadoru olub. Ancaq bir yerdə qərar tutmayıb. Əvvəlcə Stavropol “Dinamo"sunda, sonra isə “Baltika"da çıxış edib. 1998-ci ildə Belarusa üz tutub. Mozır “Slaviya"sının heyətində güclülər dəstəsində 4 oyuna çıxıb, 1 qol vurub. Elə həmin il ikinci dəfə, bu dəfə birdəfəlik futboldan gedib. 28 yaşında peşəkar karyerasını başa vuran Vladın sonrakı taleyı isə məskunlaşdığı Krasnodar diyarı ilə bağlıdı. Əvvəl burada həvəskar səviyyədə çıxışlarını davam etdirib. 2003-cü ildə isə şəhərin “Viktoriya-ŞPK" komandasında oynayan məşqçi olub.

Xatirələr...

“Bakı böyük və gözəl şəhər idi. Memarlıq baxımından xüsusilə. Futbol məktəbi də çox güclü olub: İqor Ponomaryov, Tərlan Əhmədov, İsgəndər Cavadov... Ulduz futbolçu olmuş Anatoli Banişevskini xüsusi qeyd etmək lazımdır. “Neftçi" mütəmadi olaraq SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. 1966-cı ildə hətta bürünc medalları da qazanmışdı. Komandanın ev oyunlarına xeyli azarkeş gəlirdi. “Neftçi"nin oyununa ilk dəfə 7 yaşımda getmişdim".

Yazının əvvəlində 1987-ci ildə Lemişin SSRİ-nin 17 yaşlı futbolçulardan qurulmuş yığma komandasının heyətində dünya çempionu olduğunu yazmışdıq. Həmin vaxt onunla birgə oynamış Arif Əsədovdan Lemiş haqqında danışmasını istədik. Məlum oldu ki, Arif müəllimin güclü yaddaşı var. Vladla bağlı o qədər həvəslə və təfərrüatı il danışdı ki, elə bil dünən bir komandada oynayıblar: “Lemişlə ilk tanışlığım 13-14 yaşlarından başlayıb. O vaxt mən “FŞM"də Böyükağa Ağayevin rəhbərliyi altında, Vladislav isə “Ehtiyat Əmək Qüvvələri" Cəmiyyətində Ələkbər Cəfərovun rəhbərliyi altında çıxış edirdi. Sonradan biz 14-15 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə cəlb edildik, komanda yoldaşı olduq. Ardınca mən, Vladislav Qədirov və Ruslan Lukin SSRİ yığmasına çağırıldıq. Avropa çempionatı başa çatandan sonra Bakıda dünya çempionatına hazırlaşırdıq. SSRİ yığması Sumqayıtda Azərbaycan yığması ilə yoxlama oyunu keçirirdi. Lemiş Azərbaycanın heyətində bizə qarşı oynayırdı və sərgilədiyi futbolla əsas yığmanın məşqçilərinin diqqətini özüə çəkə bildi. Beləcə, yığmanın Bakı toplanışında Lemiş bizə qoşuldu".

Arif müəllimin sözlərinə görə, Kanadada keçirilən dünya çempionatında Lemiş SSRİ yığmasının tərkibində olub və Boliviya ilə oyunda 2-ci hissədə meydana çıxıb. Dünya çempionatından sonra hər 3 futbolçu “Neftçi"yə dəvət alıb, əsasən əvəzedici heyətdə oynayıb: “Neftçi" 1-ci dəstədə çıxış edəndə Lemiş komandanın əsas heyət oyunçusu idi. Sürətli futbolçu idi. Sol ayağı ilə güclü zərbələr vururdu. Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşəndə Lemiş Krasnodara köçdü. Bildiyim qədər bir müddət “Kuban"da, daha sonra İspaniyada oynadı".

Uşaqlıq dostlarının yolları bir daha 1994-cü ildə kəsişib. Həmin vaxt Arif Əsədov “Spartak"ın (Vladiqafqaz), Lemiş isə ÇSKA-nın şərəfini qoruyurdu: “Yaxşı yadımdadır, ilk oyunumuz Vladizafqazda ÇSKA-ya qarşı idi. Lemiş rəqibin heyətində yer almışdı. Axırıncı dəfə onu 2007 ya 2008-ci ildə görmüşəm. Mən 19 yaşlı yığmamızın baş məşqçisi idim və komanda təlim-məşq toplanışı keçmək üçün Krasnodara getmişdi. Orada Vladla görüşdüm. 9 ilə yaxındır ki, ondan xəbərim yoxdur".Vladislav Lemiş haqqında topladığımız məlumatlar bu qədər. Bir ara Lemişin dünyasını dəyişdiyi barədə informasiya yayılmışdı. Lakin bu xəbərin doğru ya yalan olduğu da bilinmədi. Bir vaxtlar Azərbaycanın ən perspektivli futbolçularından olan Lemiş indi qeybə çəkilib. Onun indi harada, nə işlə məşğul olması barədə... Bizi izləyin!

“Het-trik news" qəzeti