Futbol tarixində görünməmiş hadisə

Seneqal milli komandası Afrika Millətlər Kubokunun qalibi adından məhrum edilib.

Sportline.az xəbər verir ki, bu haqda Afrika Futbol Konfederasiyası məlumat yayıb.

Qurumun apelyasiya komissiyası iki ay əvvəl keçirilən qalmaqallı final matçında Seneqalın qələbəsini ləğv edərək, titulu Mərakeş seçməsinə verib. Buna, Seneqal futbolçularının oyunun gedişində meydanı 15 dəqiqə ərzində tərk etmələri səbəb olub.

Afrika Futbol Konfederasiyası bundan əvvəlki qərarda intizam qaydalarını pozan Seneqal millisinin üzvlərini və federasiyasının rəsmilərini diskvalifikasiya etməklə yanaşı, 1 milyon dollardan çox cərimələsə də titulu qalib tərəfdə saxlamışdı. Amma məsələyə yenidən baxan komissiya son Afrika çempionu adına Mərakeş millisini layiq görüb. Seneqal Futbol Federasiyası bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.

Xatırladaq ki, yanvarın 18-də Rabat şəhərində keçirilən final görüşünün sonlarında penalti qərarına etirazını bildiriən Seneqal futbolçuları meydanı tərk etmişdilər. 15 dəqiqədən sonra komandalar meydana dönmüş, Braim Dias penaltidən yararlana bilməmiş, əlavə vaxtda isə Seneqal millisi Papa Geyenin vurduğu qolla titlula sahib çıxmışdı.