AMADA steroidlərlə bağlı sorğunun nəticəsini açıqladı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) anabolik steroidlərin necə əldə olunduğuna dair sorğu keçirib.

Sportline.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli açıqlama verib. O qeyd edib ki, anabolik steroidlər bir neçə yolla əldə olunur. 60 faiz dopinqdən istifadə edənlər buna idman zallarındakı məşqçilər tərəfindən sövq edilib. 28 faiz dopinq istifadəçiləri bunu sosial media reklamları vasitəsi ilə alıb, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə ediblər.

Dopinqdən istifadəyə meyilli olanların 52 faizi 19-28 yaş aralığındakı insanlardır. 

Hüseynli müvafiq qurumlarla əməkdaşlıq etdiklərini bildirib. Lakin onun fikrincə, bu məsələdə vətəndaşlar da yaxından iştirak etməlidirlər. O, yalnız səyləri birləşdirməklə bu mübarizədə uğur əldə etməyin mümkünlüyünü vurğulayıb. 

AMADA rəhbəri problemin həlli üçün bütün qurumların birləşərək koordinasiya formasında iş görmələrinin gərəkliyini vurğulayıb: "Ötən həftə Dövlət Təhlükəsizlik Xidməti böyük əməliyyat keçirib. Yəni, bu istiqamətdə iş gedir. Qaçaqmalçılıqla gətirilən dərmanlar qanunsuz dövriyyə sayılır. Biz bir-birimizə kömək etməliyik".

TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva bildirib ki, steroidlərdən istifadə mədə-sinir sistemindən başlayaraq psixiatrik və ürək-damar problemlərinədək bir çox fəsadlar törədir. O, həvəskar idmanda da steroid istifadəçilərinin sayının artdığını diqqətə çatdırıb. 

Ağayeva Səhiyyə Nazirliyinin dövlət qeydiyyatında olan dərmanların həkim nəzarəti ilə tətbiqini mümkün sayıb. Əks halda, o, "qara bazar"dan alınan, mənşəyi bilinməyən keyfiyyətsiz dərmanların orqanizmə mənfi təsir göstərməsinin mümkünlüyünü vurğulayıb: "Bu zaman kişilərdə qadınlaşma, qadınlarda isə kişiləşmə, immun sisteminin zəifləməsi, cinsi sferaya təsirlər, orqanizmdə pozuntular, narkotiklərə meyllilik, xərçəng yarana bilər. Araşdırmalar onu göstərir ki, təsirlər həmin insandan sonra bir neçə nəslin korlanmasına gətirə bilər. Steroid qəbul edənlərin xərçəng riski adi insanlardan 4-6 dəfə çoxdur". 

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov hər bir uğurun arxasında əzab-əziyyətin durduğunu, amma bəzi insanların qısa müddətdə uğur qazanmaq üçün belə vasitələrdən yararlandığını söyləyib. O, bəzi zallarda fəaliyyət göstərən insanların beyinlərinin doldurulduğunu, nəticədə onların steroidlərdən yararlandıqlarını vurğulayıb: "Belə vasitələrdən yararlandıqdan sonra idmançı müsbət nəticəni gördükdə həmin vasitələrin aludəçisinə çevrilir. Mən də olimpiya və ikiqat dünya çempionu kimi tövsiyə edirəm ki, belə yollara baş vurmasınlar. Bəzi insanlar fikirləşirlər ki, peşəkar idmançı olmadıqları üçün onları heç kim yoxlamayacaq. Amma insanlar öz sağlamlıqlarını müvəqqəti fiziki görünüşlərinə qurban verdiklərini bilməlidirlər. İnanıram ki, bu bəladan canımızı qurtaracağıq".

Mansurov bütün fitnes zallarının özəl fəaliyyət göstərdiyini, nazirliyin bu məsələni tənzimləmək istədiyini diqqətə çatdırıb.

Nazirlik rəsmisi fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini söyləyib. 

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev bir çox idmançının məşqçi-müəllimlərin tövsiyəsi əsasında steroidlərdən yararlandıqlarını söyləyib. O, problemin inzibati yollarla həllinin mümkün olmadığını söyləyib. Mehdiyev bu mövzuda idman jurnalistlərinin təbliğat aparmalarının vacibliyini qeyd edib. O, AMADA ilə bir sıra layihələr - yazı müsabiqələri təşkil etməyə, sənədli filmlər çəkməyə hazır olduqlarını vurğulayıb.  

Mehdiyev sosial şəbəkələrdə müəyyən dərmanların reklamlarına qarşı tədbirlər görmək üçün komissiya yaradaraq araşdırma aparmağın da mümkünlüyünü dilə gətirib.