Arif Əsədov Fernandu Santuşun rəhbərliyi altında millidə işləməyə hazırdır

Azərbaycan millisinin məşqçisi Arif Əsədov komandaya yeni baş məşqçi təyin olunan portuqaliyalı Fernandu Santuşun rəhbərliyi altında işləməyə hazırdır.

 Sportline.az xəbər verir ki, bunu  mətbuata  açıqlamasında mütəxəssis özü bildirib.

O, milliyə kömək etməyə hər an hazır olduğunu söyləyib: “Hazırda millidə öz işimə davam edirəm. Yeni baş məşqçi futbolçuları tanımaq baxımından çətinliklərlə üzləşə bilər. Millətlər Liqasında komanda 4 oyunu rəhbərliyim altında keçirdi. Az-çox təcrübəm var. Bu baxımdan təklif olsa, milli naminə öz təcrübəmlə dəstək göstərməyə hər an hazıram”.

O, yığmaya əcnəbi mütəxəssisin gətiriləcəyini əvvəlcədən bildiyi üçün təyinatı normal qarşılayıb: “Bilirdim ki, bu istiqamətdə işlər gedir, ona görə də normal qarşılayıram. Buna hazır idim. Öz işimi görürdüm. Xeyirli olsun. Təcrübəli məşqçidir. Portuqaliya kimi komandanı Avropa çempionu edib. Düşünürəm ki, millimizə xeyri olacaq”.

53 yaşlı mütəxəssis F.Santuşun qarşısına qoyulan hədəflərə çatıb-çatmayacağı ilə bağlı sualı cavablandırıb: “Hədəflər həmişə olmaldır, bunsuz mümkün deyil. İnanıb, dəvət ediblər. Qarşıya qoyulan məqsədə çatmaq yaxşı olar. Onun qazandığı uğurlar, təcrübəsi bizim milliyə də təsir edə bilər. Düşünmürəm ki, burada yaş hər hansı rol oynayacaq. Əsas uğur, baxış və strategiyanın seçilməsidir. Uğur qazanan yaşlı məşqçilər də var”.

Qeyd edək ki, AFFA rəhbərliyi Fernandu Santuş ilə "3+1" illik müqavilə bağlayıb. Onun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.