AVRO:2024-ün son iştirakçıları da müəyyənləşdi

Almaniyad keçiriləcək futbol üzrə Avropa çempionatının son iştirakçıları da məlum olub. 

Sportline.az xəbər verir ki, həlledici görüşlərdə Gürcüstan Yunanıstanla, Ukrayna İslandiya ilə, Polşa isə Uelslə münasibətləri aydınlaşdırıb. 

Gürcüstan seçməsi penaltilər seriyasında 4:2 qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Qonşularımız F qrupunda Portuqaliya, Türkiyə və Çexiya kollektivlərinə rəqib olacaqlar. 

İslandiyanı 2:1 hesabı ilə məğlub edən Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə mübarizə aparacaq.

Uelsi  penaltilər seriyasında üstələyən Polşa millisi isə D qrupunda Fransa, Avstriya və Niderlandla görüşəcək.

Qeyd edək ki, Avrop çempionatına iyunun 14-də start veriləcək.