Canni De Byazi: "Cəsarətli olmalıyıq"

“Təəssüflər olsun ki, bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq”.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis rəqibin güclü olmasına baxmayaraq, uğurlu nəticə əldə etmək istədiklərini söyləyib: “Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”.

De Byazi “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin yığmaya çağırılmasına da münasibət bildirib: “O, həmişə bu komandanın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Sizi də anlayıram. Ancaq lazım olsa, Höccətə şans verəcəyik”.

Baş məşqçi hər bir oyunçunun motivasiyalı olduğunu diqqətə çatdırıb: “Sabah “vuruşmağa” və mübarizə aparmağa hazır olmalıyıq. İnkişaf üçün yaşadıqlarımızdan nəticə çıxarmalıyıq”.

O, rəqibin təhlükəli oyunçularının olduğunu diqqətə çatdırıb: “Onların hamısı güclü klublarda çıxış edirlər”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.