Erməniyə qalib gələn güləşçimizdən açıqlama
“Finalda qırğızıstanlı Akjol Mahmudovdan revanşı almağa çalışacağam. Ən böyük arzum dünya çempionu olmaqdır”.
Sportline.az xəbər verir ki, bunu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
77 kq çəki dərəcəsində bu gün həlledici görüşə çıxacaq idmançı əvvəlki turnirlərdə uğursuz nəticə göstərməsinin səbəblərini izah edib: “Düzdür, daha öncə də dünya çempionatının finalına çıxmışam. Budəfəki yarış mənim üçün çox vacib idi. Bir neçə turnirdə müəyyən səbəblərə görə nəticə verə bilmirdim. Komanda yoldaşlarım da, məşqçilərimiz də bilirlər ki, yarışlara necə hazırlaşırdım. Sadəcə, bəzi səbəblərdən alınmırdı. Ancaq bu dünya çempionatında sözümü dedim. Finala çıxdım və olimpiadaya vəsiqə qazandım”.
O, mundialda keçirdiyi oyunları xatırlayıb: “Dünya çempionatında 5 görüş keçirdim. Hamısı çox çətin oldu. Əsas da ilk görüşü qeyd edərdim. Finlandiyalı güləşçi U-23-lər arasında dünya çempionu idi. Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim. Çünki son yarışlarda uğur qazana bilmirdim. Daha sonra amerikalı ilə üz-üzə gəldim. Təhlükəli rəqib idi. Onu da keçdikdən sonra həm fiziki, həm də taktiki-texniki cəhətdən güclü olan Moldova idmançısı ilə qarşılaşdım. Hər görüşə uyğun taktika seçirdim və aktiv güləşməyə çalışırdım ki, hakimlərin əleyhimə qərarlar çıxarmasına şans verməyim. Əvvəldən sona kimi mübarizə apardım. İstədiyim güləşi göstərə bildim. Mən uduzanda belə, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu uğurumu onlara həsr edirəm”.
S.Süleymanov 2021-ci ildə Türkiyədə keçirilən İslam Həmrəyliyi Oyunlarının finalında uduzduğu Akjol Mahmudovla duelə hazır olduğunu vurğulayıb: “Parter vəziyyətinə görə Akjola məğlub olmuşdum. Bu dəfə qalib gəlməyə çalışacağam. Bura çempion olmağa gəlmişəm. İnşallah, qalib gəlməklə həm arzumu yerinə yetirərəm, həm də qələbəmi xalqımıza həsr edərəm. Komanda yoldaşlarıma da uğurlar arzulayıram. Hamısı buna layiqdir. Ümid edirəm ki, həm olimpiadaya lisenziya, həm də medallar qazanarlar”.