ETOPAZ-ın dəstəyi ilə Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirildi
"BAL LİNE" şirkətinin rəsmi ticarət markası "ETOPAZ"ın baş sponsorluğu ilə 30 iyun tarixində mərhum jurnalist Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib.
Elnur Əşrəfoğlu uzun illər Azərbaycan Televiziyasında, Azərbaycan Cüdo Federasiyasında və "Neftçi" Futbol Klubunda çalışıb.
ETOPAZ, Azərbaycan Mətbuat Şurası və AFFA-nın dəstəyi ilə keçirilən görüşdə veteran futbolçular, hakimlər, tanınmış jurnalislər, sənət adamları və mərhumun ailə üzvləri iştirak edib.
Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş “Təbriz” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk fiti sabiq FİFA referisi Tahir Süleymanov səsləndirib, topa ilk toxunuşu isə Elnur Əşrəfoğlunun oğlu Mətin edib. Görüş “Təbriz” komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində “ETOPAZ”ın eksperti Gündüz Abbaszadə 3, mərhumun qardaşı oğlu Əşrəf Şükürov 2 qol vurub. Komandanın daha bir qoluna isə idman jurnalisti Xanoğlan İmanov imza atıb. Elnur Əşrəfoğlunun oğlu Mətin də “Təbriz” komandasının heyətində çıxış edib.
“Qarabağ” komandasından isə uzun illər Elnur Əşrəfoğlu ilə “Telefortuna”da çıxış edən Fərhad Həsənov, əməkdar artist Səlim Abbasov, idman jurnalistləri Ceyhun Rzayev və Emin Abbasov fərqləniblər
"Oyunu sizin üçün Elnur Əşrəfoğlu şərh etdi. Sağ olun, sağlıqla qalın" sözlərini bir daha eşitməyəcəyik. Lakin, Elnur Əşrəfoğlu daima xatirələrimizdə və idman jurnalistika tariximizdə var olacaqdır