FIDE rəsmisi: "Şahmatda 3 xal təklifi təqdirəlayiqdir"
Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov beynəlxalq qrossmeyster Rauf Məmmədovun şahmatda bilərəkdən edilən heç-heçələrin qarşısını almaq üçün təklif etdiyi varianta münasibət bildirib.
Spotline.az xəbər verir ki, Məmmədov "Report"a açıqlamasında üçqat Avropa çempionunun fikirləri ilə razı olduğunu söyləyib.
Onun sözlərinə görə, bu qayda rəsmi yox, müxtəlif sponsorların təşkil etdiyi şəxsi turnirlərdə dəfələrlə tətbiq olunub: "Maraqlı, təqdirəlayiq variantdır. FIDE hələ bu məsələyə baxmayıb. Amma burada söhbət, ilk növbədə, idman ruhundan, idmançılıqdan gedir. İdman ruhuna əməl etmək lazımdır. Yəni, oyunun yarısında sövdələşmə ilə bu və ya digər nəticəni əldə etməməlisən. Sənə verilən vaxt, imkan, resurs daxilində ədalətli mübarizə aparırsan. Yox, 15-ci gedişdə heç-heçə edim, əvvəlcədən yazdığım partiyanı təkrar edim - bu, idman ruhu ilə uyğun gəlmir. Bu, şahmatın xəstəliyidir".
FIDE rəsmisi hələlik qurumun kardinal həll yollarına əl atmaq iqtidarında olmadığını qeyd edib: "Rauf bu variantı yaxşı bilir. Çünki tətbiq edilib. FIDE indiki məqamda belə kardinal həll yollarına əl atmağa qadir deyil. Yəni, bunlar gündəlikdə nəzərdə tutulmayıb. Amma bu məsələləri hər zaman daxildə müzakirə edirik və buna qayıdacağıq. Yalnız bütün problemlər həll olunduqdan sonra şahmat olimpiya idman növləri ilə yanaşı durmağa, sponsorlardan daha çox dəstək gözləməyə, yaxud da telekanallarda özünəməxsus yer tutmağa layiqdir".
Məmmədov bildirib ki, problemin həlli üçün müxtəlif istiqamətlər təklif olunub: "Bunlar həm FIDE, həm də şahmat ictimaiyyəti tərəfindən izlənilir. Yarışların təşkilatçıları da bu məsələyə yanaşa bilmirlər. Yarışın nüfuzu və ad-sanı partiyaların nə dərəcədə ədalətli, güzəştsiz, idman ruhunda olmasından asılıdır. Sövdələşmə heç kimə xoş gəlmir. Oturub maraqlı oyuna tamaşa etmək istəyirsən, amma bunlar hamının bildiyi gedişlərlə heç-heçəyə razılaşırlar. Məsələn, şahmatda "Sofiya qaydaları" var. Buna əsasən, 40-cı gedişədək heç-heçə təklif etmək olmaz. Ümumiyyətlə, bu, şahmatı idman ailəsindən kənarlaşdıra biləcək amildir. Futbolda heç kim 78-ci dəqiqədə mübarizəni saxlayıb, heç-heçəyə razılaşa bilməz. Yaxud da tennisdə, güləşdə heç bir səbəb olmadan heç-heçə təklif edə bilməzsən. Hər bir idman növü özünü müdafiə edir. Şahmatda da belə olmalıdır. Amma "Sofiya qaydaları" da tam həll yolu deyil. Öz aralarında danışırlar, yenə də 41-ci gedişdə heç-heçəyə razılaşırlar. Bu, açığı, biabırçılıqdır".
O, üçüncü həll yolu kimi oyunun vaxtını sürətləndirməklə dinamizmə nail olma variantının irəli sürüldüyünü vurğulayıb: "Hazırda bu proses gedir. Bilmirəm, pandemiya başa çatdıqdan sonra şahmat köklü şəkildə klassik partiyalara qayıtmaq istəyəcək, ya yox. Çünki pandemiya dövründə 15 dəqiqədən artıq heç kim oynamır. Hətta mən şahmat fırıldaqçılığından qorxaraq, pandemiya başlayanda Azərbaycan və Gürcüstandakı onlayn yarışları 1 dəqiqəlik etdim. Fırıldaqçılıq amili aradan götürülsə və şahmatçılar əyani oynasalar, bu, onları daha dinamik mübarizə aparmağa məcbur edə bilər".
Məmmədov sövdələşmənin şahmatın virusu olduğunu söyləyib: "Bizim şahmatçılarımız da bundan istifadə edib, hər il Vüqar Həşimovun xatirəsinə "ShamkirChess" turnirində bizə "görkəmli" heç-heçə bəxş edirlər. Mən bütün həll yollarının tərəfdarıyam. Qələbə heç-heçədən fərqlənməlidir. İndiki məqamda olan qələbə stimullaşdırılmalıdır. Raufun fikirləri ilə tam razıyam. Digər tərəfdən, oyunun sürəti artırılmalıdır. Hər tərəfə 2 saat vaxt verilməsi anaxronizmdir. Əvvəllər klassik partiya 6-7 saat oynanılırdısa, indi bu anlayış dəyişilib, 1-2 saata endirilməlidir. Bu məsələyə kökündən yenidən baxılmalıdır. 3 saatdan artıq oynanılan partiya düzgün deyil. Bu yolla şahmata azarkeş marağını saxlaya bilməzsən".
Vitse-prezident bununla bağlı FIDE-də məsələ qaldırılacağını istisna etməyib: "Sadəcə, indi pandemiya dövrüdür. Hazırda daha çox əyani yarışlar rejiminə qayıtmaq dərdi ilə məşğuluq. Pandemiyadan sonra oynanılacaq şahmatın konturları yenicə bəlli olmağa başlayır. Ona görə də bir az vaxt lazımdır. Mütləq bu məsələlərə qayıdılacaq".