Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib

Avqustun 30-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, Gənсlər və İdman Nazirliyinin 2022-сi ilin ll yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Bodibildinq və Fitnes Federasiyası” İB, “Azərbaycan Milli İdman Növlər Assosiasiyası” İB və “Azərbaycan Qolf Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan Qoçyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyası” İB və “Gözdən Əlili Şahmat və Damaçılar Federasiyası” İB-nin federasiya statusu dayandırılıb. 

Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 29-a çatıb. Ümumilikdə, 27 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Kollegiya iclasında həmçinin Namiq Rafiq oğlu Heybətova və Elçin Nazim oğlu Həsənova “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, Lamiyə Rövşən qızı Vəliyevaya və Raman Serqeyeviç Saleiyə “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adının verilməsi barədə qərar qəbul edilib.

Banner