Ərəblərdən Salaha fantastik təklif

"Əl-İttihad" "Liverpul"un hücumçusu Mohamed Salaha Səudiyyə Ərəbistanında olan ən yüksək maaşı təklif etməyə hazırdır.

Sportline.az xəbər verir ki, “Əl-İttihad”ın təklifi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun maaşından çox olacaq. Qeyd olunur ki, 31 yaşlı misirli Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır.

Daha əvvəl "Əl-İttihad"ın Salah üçün "Liverpul"a 90 milyon avro təklif edəcəyi bildirilirdi. Transfer baş tutsa, bu, Səudiyyə Ərəbistanı çempionatı tarixində rekord sayılacaq.

Hücumçu bu mövsüm Premyer Liqanın iki oyununda bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilə qədərdir.