Kamavinqanın adı İstanbul klubu ilə hallanır
Türkiyə Super Liqasının son dörd mövsümünün çempionu “Qalatasaray” heyətini dünya səviyyəli bir ulduzla gücləndirmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, sarı-qırmızılıların hədəfindəki futbolçu “Real Madrid”in və Fransa millisinin 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqadır.
İspaniya nəhəngində daha çox oyun vaxtı qazanmaq üçün gərgin rəqabət şəraitində mübarizə aparan gənc ulduzla menecerləri vasitəsilə ilk təmaslar qurulub. “Real Madrid”in 50 milyon avrodan yuxarı gələcək təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.
Lakin transfer danışıqlarında İstanbul klubunu şoka salan gözlənilməz bir maneə ortaya çıxıb. İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsində olan Kamavinqa “Galatasaray”ın istəyinə fantastik bir tələblə cavab verib. “Real Madrid”də qazandığı məvacibin iki qatından çoxunu istəyən gənc futbolçu illik 15 milyon avrodan yuxarı maaş tələb edib. Tərəflər arasında transfer şərtlərinin necə formalaşacağı və “Cim-Bom”un bu astronomik rəqəm qarşısında hansı addımı atacağı böyük maraqla gözlənilir.