"Liverpul" etiraza hazırlaşır

“Liverpul” Premyer Liqanın 2-ci turunun “Bornmut”la oyununda (3:1) qırmızı vərəqə alan yarımmüdafiəçi Aleksis Mak Allisterin cəzası ilə bağlı apellyasiya şikayəti vermək niyyətindədir.

Sportline.az xəbər verir ki, klubun müraciəti təmin olunarsa, o zaman argentinalı Premyer Liqanın növbəti turunda “Nyukasl”la oyunda iştirak edə biləcək. Əks halda, yarımmüdafiəçi üç oyunu buraxmalı olacaq: “Nyukasl”, “Aston Villa” və “Vulverhempton”la oyunları.

Mak Allister 58-ci dəqiqədə "Bornmut"un yarımmüdafiəçisi Rayan Kristi ilə toqquşduğu üçün meydandan qovulub.

24 yaşlı argentinalı 2023-cü ilin iyulunda "Liverpul"a keçib və İngiltərə klubunda iki oyuna çıxıb.