Moskvadakı turnirə Azərbaycanın 18 karateçisi qatılacaq
Oktyabrın 1-də Rusiyanın paytaxtı Moskvada start götürəcək Karate1 Premyer Liqa turnirində iştriak edəcək Azərbaycan təmsilçilərinin adları açıqlanıb.
Azərbaycan Milli Karate Federasiyasından Sportline.az-a verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 4 məşqçi, 4 beynəlxalq hakim və 18 idmançı yer alıb.
Kişi karateçilərinin böyük məşqçiləri Şahin Xudaverdiyev və Rəşad Hüseynov, eləcə də qadınların baş məşqçisi Denis Morozovun müşayiəti ilə kumite yarışlarına Əminağa Quliyev və Sultan Hüseynov (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev və Fərid Ağayev (75 kq), Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı və Orxan hHydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva və Fidan Teymurova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+84 kq) qatılacaq.
Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovdan başqa digər hakimlər Anar Allahverdiyev və Rənad Əliyev dərəcələrini artırmaq üçün imtahan verəcəklər.
28 - 29 sentyabrda Rusiyaya yola düşəcək karateçilər oktyabrın 4-də Bakıya qayıdacaq. Moskvadakı turnirdə 55 ölkədən 441 idmançı iştirak edəcək.