"Napoli"nin prezidenti Kvaratsxeliyanın yayda satılmayacağını bildirib

"Napoli"nin prezidenti Aurelio De Laurentis cinah oyunçusu Xviça Kvaratsxeliya və onun agenti ilə görüş keçirib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Laurentis 23 yaşlı futbolçuya "Napoli"nin onu satmaq niyətində olmadığını bildirib.

Mənbənin sözlərinə görə, Neapol klubunun yeni baş məşqçisi Antonio Konte gürcüstanlı futbolçunun komandanın aparıcı üzvü olaraq görür. Avropa Çempionatı başa çatdıqdan sonra "Napoli"nin Kvaratsxeliyaya yeni müqavilə təklif edəcəyi vurğulanır.

Xatırladaq ki, vinqer ötən mövsüm İtaliya klubunun heyətində 48 oyunda 12 qol və 9 asistlik performans göstərib. Onun hazırki müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalı ulduz futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl mətbuatda PSJ-nin Kvaratsxeliyanı heyətinə qatmaq istədiyi barədə məlumat yayılmışdı.