"Qalatasaray"ın futbolçusunun adı qanunsuz mərc oyunlarında hallanır

Qanunsuz mərc oyunlarına pul qoyuluşu etmələri iddia edilən məşhur futbolçular bəlli olub.

Sportline.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və hazırda icarə əsasında “Aston Villa”da çıxış edən “Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolonun futbol matçlarına qanunsuz mərc oynadıqları iddia edilir.

Onları ifşa edən jurnalist artıq polis tərəfindən çağırılıb. Jurnalistin özü də tezliklə işin təfərrüatlarını açıqlayacağını bildirib.

Qeyd olunur ki, futbolçular ehtiyat oyunçular skamyasında olarkən İtaliya kubokunun “Roma” – “Milan” matçına mərc ediblər. İtaliya qanunlarına görə, idmançılara təmsil etdikləri idman növlərinə mərc etmək qadağandır.

23 yaşlı Tonali 2020-2023-cü illərdə "Milan"da çıxış edib. 24 yaşlı Zaniolo isə 2018-2023-cü illərdə "Roma"nın şərəfini qoruyub.