"Qəbələ" Avrokubokda ilk oyuna çıxır

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən "qırmızı-qaralar" daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

4 oktyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Qəbələ şəhər stadionu