Rafael Ağayev: "İslam Oyunlarının səfiri olmaq mənim üçün qürurdur"
"İslam Həmrəyliyi Oyunlarının 4 prinsipi arasında “Hörmət”i seçirəm. Çünki bu dəyəri valideynlərim mənə aşılayıb. 32 yaşım var, indi də atam otağa daxil olanda qardaşlarımla ayağa qalxırıq. Bu, valideynlərimizin bizə aşıladığı hörmətin göstəricisidir".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rafael Ağayev yarışın rəsmi saytına müsahibəsində deyib.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə "Bakı 2015" Avropa Oyunlarında qızıl medal qazanan 32 yaşlı idmançı bildirib ki, İslam Oyunlarının səfiri olmaq onun üçün qürurdur. O, İslamiada da fəxri kürsünün 1-ci pilləsinə yüksəlmək üçün əlindən gələni edəcəyini söyləyib: "Qazandığım qələbələrin arxasında verdiyim qurbanlar, əziyyətim, ailəm və xalqımız dayanır. Bizim üçün nəzərdə tutulan proqram mənə imkan yaradır ki, üzərimdə zəhməti və əziyyəti olan xalqımıza, hər kəsə az da olsa mənə verilən dəyəri geri qaytarım. İdmançı kimi isə hər kəs bizdən qızıl medal gözləyir. Asan olmayacaq, çünki əksər idman növləri üzrə ən çətin rəqiblərimizlə üzləşəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik".
5 qat dünya çempionu olan Ağayev karate ilə 7 yaşından etibarən məşğul olmağa başlayıb. İlk medalını 1994-cü ildə qazanıb: "İlk addımlarımı Sumqayıt şəhərində məşqçi Rafael Məmmədovun rəhbərliyi altında atmışam. Kiçik yaşlarımdan Brüs Linin filmlərinə baxırdım və karateyə sevgim oradan yarandı. 1994-cü ildə ilk medalı əldə etmişəm. Bu, Rusiyanın Kastroma şəhərində olub. Yarışa çox çətinliklə gedib çıxmışdım. Yığma komanda turnirə yollanmışdı. Maddi cəhətdən çətinliyim olduğuna görə valideynim nişan üzüyünü satdı və atamla yarışa getdik. Turnirin başlamasına 2 saat qalmış ora çatdım. Mənim üçün uğurlu oldu, finala vəsiqə qazandım. Həlledici görüşdə isə həmyerlimizə qalib gəldim. Halbuki müəllimlər "bir nömrəli idmançı odur" deyirdilər".
1997-ci ildən karate üzrə Azərbaycan yığma komandasına dəvət alan Ağayev həm də 10 qat Avropa çempionudur. O, artıq özünü yığmanın qocaman üzvlərindən biri hesab edir: "Şükürlər olsun ki, hələ də yığmadayam. Əvvələr heyətdə ən balaca mən sayılırdım, amma indi 32 yaşım var. Komandanın ən qocaman idmançısı sayılıram. Müəllimlərimin öz yeri var, amma ailəmin, xüsusən də atamın üzərimdə çox əziyyəti olub. Hər kəs düşünür ki, Rafael gözəl həyat yaşayır, lakin bu səviyyəyə qalxmaq üçün nələrə qatlandığımı bilmirlər. Rafael Rafael olmaq üçün 7 yaşından əziyyət çəkib. Məşqdən gəlirdim, yemək yedikdən sonra yenidən evdə məqş edirdim. Məni həyətə saatla buraxırdılar. Onda da qaçıb futbol oynayırdım. Bu da bir yandan mənə xeyir idi. Buna görə ailəmə "çox sağ ol" demək istəyirəm. Dünya və Avropa çempionu olmaqda həm ailəmin, həm də özümün böyük əziyyətim olub".
Dünya Oyunları və Dünya Döyüş Oyunlarının da qalibi olan Ağayev uğurlarının səbəbini sadəliyində və üzərində çox işləməyində görür: "Sumqayıt şəhərində böyüyüb, boya-başa çatmışam. Bakıya avtobusda ayaqüstü gəlirdim ki, 20 Yanvarda 3-4 dənə peraşki yeməyə pulum qalsın, yeyim, canımda bir şey olsun. Qıraqdan gülməli olsa da, bunlar çətinliklər hesabına başa gəlib. Allaha bizə belə gözəl günlər nəsib etdiyi üçün şükür edirəm. İnanıram ki, qələbələrimiz, sevinc göz yaşlarımız hələ qabaqdadır. İdmançı üçün bir gün belə məşqi buraxmaq gec-tez özünü büruzə verir. Zədəli olduğum ərəfələrdə mənə çox çətin olur. Dünya və Avropa çempionatını televiziyadan izlədim və göz yaşlarımı saxlaya bilmədim. İnternet vasitəsilə oxuyurdum ki, "Rafaelin yaşı gedib, idmanı atıb, məşqçi kimi fəaliyyət göstərmək vaxtıdır" söyləyirlər. Lakin sınmadım. Dözdüm və bir il sonra zədəmi sağaltdım. 2015-ci ilin mart ayında yenidən Avropa çempionatına yollandım. Orada italiyalı və almaniyalı rəqiblərimə qalib gəldikdən sonra göz yaşlarımı saxlaya bilmədim. Çempionluğumu ölkəmə həsr etdim. Bir çox idmançılardan nə ilə seçilirəm? Mən indi üzərimdə çox işləmirəm, uşaqlıqdan bunu edirəm. Müəllimlərim və valideynlərim sağ olsunlar, üzərimdə dayandılar. Onların sözünə baxdım və məşqlərimi davam etdirdim. Uğurlarımın səbəbi sadəliyim və üzərimdə çox işləməyimdir. Bu idman sahəsində hər bir insana əlimdən gələn köməyi etməyə hazıram".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.