Teymur Rəcəbov: "Koronavirusa yoluxduğum üçün Olimpiadaya gedə bilmirəm"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı qrossmeyster bunun səhhəti ilə bağlı olduğunu bildirib.

Rəcəbov İddiaçılar Turnirindən sonra koronavirusa yoluxduğu üçün bu qərarı qəbul etdiyini söyləyib: "Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas yarış olan İddiaçılar Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu. Turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və ağırlaşmalara səbəb olan COVID-19 xəstəliyinə tutuldum. Hazırkı durumda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib".

O, peşəkar şahmata qayıtmaq və gələcəkdə yığmaya xeyir vermək üçün hər şeyi edəcəyini vurğulayıb: "Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəm və komanda yoldaşlarımla birgə həyəcanlanacağam. Ümid edirəm ki, yenidən millidə yüksək səviyyədə yarışa biləcəyəm. Ölkəmin şərəfini qorumaqdan heç vaxt imtina etmərəm".

İlk dəfə 2001-ci ildə, 14 yaşında millidə oynamağa başladığını xatırladan Rəcəbv bu günədək bir çox fiziki, psixoloji və digər problemlərə baxmayaraq, ölkə və xalq üçün yarışdığını əlavə edib: "Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram".