Üzgüçülük üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi müqavilə imzalanıb

Üzgüçülük üzrə dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi müqavilə imzalanıb.

Bu barədə Sportline.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

2026-cı ilin oktyabrında Bakı Su İdmanı Sarayı üzgüçülük üzrə "Silk Way" (İpək Yolu) Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar.

İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, "Silk Way" Dünya Kubokunun ilk mərhələsi məhz Bakıda təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək.