Van Qal Argentinanın dünya çempionu olmasını "saxta" adlandırıb
Niderlandın keçmiş baş məşqçisi Lui van Qal Argentinanın 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını ədalətsiz qazandığını deyib.
Sportline.az xəbər verir ki, van Qal bu barədə Niderland mətbuatına açıqlama verib.
“Bu barədə çox danışmaq istəmirəm. Argentinanın necə qol vurduğunu və bizim necə qol vurduğumuzu, bəzi argentinalı futbolçuların sərhədi necə keçdiyini və cəzalandırılmadığını görəndə, düşünürəm ki, bunların hamısı qəsdəndir. Çünki Messi dünya çempionu olmalı idi? Düşünürəm ki, bəli”, – deyə van Qal bildirib.
DÇ-2022-də Argentina millisi 1/4 finalda Niderlandı məğlub edib (2:2, penaltilər - 4:3). Finalda argentinalılar Fransaya qalib gələrək (3:3, penaltilər - 4:2) tarixdə üçüncü, komandanın kapitanı, hücumçu Lionel Messi isə ilk dəfə dünya çempionu olublar.