Xavi Yamalın oyun vaxtı tualetə getmə səbəbini açıqladı

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Portu" ilə oyununda (1:0) komandanın cinah oyunçusu Lamin Yamalın tualetdən istifadə etmək üçün meydanı tərk etməsinin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, Xavi onun bu addımını səhhətilə əlaqələndirib.

“Yamal bizə xəbərdarlıq etdi ki, özünü pis hiss edir, mədəsi ağrıyır. Davam edə bilmədiyi üçün onu əvəz etdik”, - deyə Xavi UEFA-nın saytına danışıb.

16 yaşlı Yamal ikinci hissədə "Portu" ilə oyunda mədəsində problem olduğu üçün tualetə gedib. "Barça" təxminən 10 dəqiqə azlıqda oynayıb. Futbolçu sonda meydana qayıtmayıb və onun yerinə müdafiəçi Markos Alonso meydana çıxıb.

"Barselona" 6 xalla H qrupuna başçılıq edir, "Portu" isə ikinci yerdədir (3 xal).