"Zenit"in braziliyalı futbolçusu "Flamenqo"ya keçir

Klaudinyo və "Flamenqo" transferlə bağlı razılığa gəlib.

Sportline.az xəbər verir ki, klub "Zenit"in yarımmüdafiəçisi ilə 2027-ci ilə qədər əmək haqqı və müddəti də daxil olmaqla müqavilənin şərtlərini razılaşdırıb.

Braziliyalılar artıq Rusiya komandasına 15 milyon avroluq təklif göndərsələr də, rədd cavabı alıblar.

Eyni zamanda, Rusiya çempionları danışıqları davam etdirməyə hazır olduqlarını açıq şəkildə bildirirlər. Hələlik transferin məbləği və ödənişlərin strukturu ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

"Flamenqo" müqaviləyə Klaudinyonun vurduğu qollara görə bonuslar daxil edə, həmçinin təklif olunan sabit məbləği artıra bilər.

Klaudinyo 2021-ci ilin yayında "Zenit"ə keçib. O, klubla 4 kubok qazanıb - iki dəfə Premyer Liqa, iki dəfə Rusiya Superkuboku.

Futbolçu klubun heyətində 62 oyunda 15 qol vurub və 17 məhsuldar ötürmə edib.