AÇ: Rafael Ağayev yenə tatamiyə çıxacaq
Azərbaycanın daha 4 karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə start verəcək.
Sportline.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək.
67 kq-dakı Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Jaka Taleri sınağa çəkəcək.
Qadınlardan İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni mərhələdə slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.
Bu gün həmçinin Rafiz Həsənov, Rafael Ağayev, Pənah Abdullayev, Ayxan Mamayev və Asiman Qurbanlıdan ibarət kumite komandası da mübarizə aparacaq. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə qoşulan 7 karateçi yarışı medalsız bitirib.