Ağır atletika üzrə dünya çempionatı Ermənistana verilməyəcək
Ağır Atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək.
Sportline.az "Trend"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov deyib. O bildirib ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən vəhşilik ermənilərin hələ də nəinki sülhə, ümumiyyətlə heç nəyə, xüsusilə də hansısa böyük idman yarışını təşkil etməyə hazır olmadığını göstərmiş, sübut etmişdi.
"Baş verənlərə səssiz qalmamış, komanda olaraq yarışda iştirakdan imtina etmiş, bu yolla öz etirazımızı bildirmişdik. Amma hər şeyi təkcə bununla bitirə bilməzdik. Bayrağımıza qarşı bu hərəkətin cəzası da olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsini, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. Ən əsas məsələ isə 2024-cü ildə keçiriləcək dünya çempionatının təşkili hüququnun onlar verilməməsi idi. Halbuki bu artıq həll olunmuş, razılıqlar alınmış, yalnız rəsmiləşməsi qalan bir məsələ idi. İlk mərhələdə qitə, sonra da dünya çempionatı üçün hazırlıq görən Ermənistan, bu istiqamətdə xeyli iş görmüşdü. Ancaq qarşılarına çıxıb bu planlarını poza bildik.
Azərbaycan Ağır Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə səyləri öz effektini verdi. Beynəlxalq Ağır Atletika Federasiyası ilə az qala gündəlik fəaliyyətimiz nəticəsində bu səhər, qurumun İcraiyyə Komitəsinin Kubada keçirilən iclasında 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarı qəbul edildi. Ədalət bərqərar oldu!"
Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.