Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib
Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Tetyana Rijkoya (Ukrayna) məğlub olsa da, ardından Viktoriya Vessoya (Estoniya) qalib gəlib.
Vesso hər iki görüşdə uduzduğu üçün Manolova mərhələ adlayıb. O, finala gedən yolda Krista İntse (Rumıniya) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.