Avropa Liqasında COVİD-19 saxtakarlığı

Basketbol üzrə Avropa Liqasında narazılıq yaranıb.

Sportline.az Türkiyənin “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, buna COVID-19 testi ilə bağlı manipulyasiyalar səbəb olub. Qeyd edilir ki, bəzi klublar – konkret olaraq “Milan” (İtaliya) və “Panatinaikos” (Yunanıstan) qeyri-etik hərəkətlərə yol veriblər və buna görə liqanın bəzi matçları əsassız yerə təxirə salınıb.

Məsələni gündəmə gətirən Türkiyənin “Anadolu Efes” komandasının baş məşqçisi Ergin Ataman olub. O deyib: “Bəzi komandalar Avroliqada matçları təxirə salsa da, iki gün sonra yerli liqalarda oyuna çıxırıar. Bəziləri isə bir oyunçusu COVID-19-a yoluxub deyə ölkələri onların xaricə getməsinə icazə vermir”.

Ergin Atamanın nəzərdə tutduğu klubların “Armani Jeans Milan” və “Panatinaikos” olduğu bildirilib.

Qeyd edilir ki, “Milan”ın noyabrın 11-i “Zenit”, 13-ü isə “Ximki” ilə Rusiyada keçirəcəyi matçları təxirə salınıb. İddia edilib ki, komandanın bəzi oyunçuları koronavirusa yoluxub. Amma qəribədir ki, həmin “Milan” noyabrın 15-də, yəni “Ximki” ilə noyabrın 13-nə nəzərdə tutulan, amma baş tutmayan görüşdən cəmi iki gün sonra İtaliya liqasıda “Kantu” ilə matç keçirib və qələbə qazanıb (89-71).

E.Ataman bu problemə diqqət çəkdikdən sonra Avroliqa idərəçiləri “Milan”ın test nəticələrinin səhv olduğunu açıqlayıb.

“Panatinaikos” isə oktyabrın 29-da Rusiyada “Zenit”lə matçı bir basketbolçusunun testinin pozitiv çıxması səbəbindən təxirə  saldırıb. Bildirilib ki, hökumət bu problemə görə komandanın xaricə səfərə getməsinə icazə vermir. Amma bu qərarın özü də məntiqsizdir. Çünki cəmi bir nəfərə görə Avroliqa təxirə salınırsa, bu bu halda gərək heç bir turnir keçirilməyə.