Azərbaycan Dünya Boks Şurasının üzvüdür

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub. Bu barədə WBC prezidenti Maurusio Süleyman Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insandı. İdman haqda geniş məlumata malikdi. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyaya yönəlmişdi. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın”.

Süleymanın sözlərinə görə, Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq: “Sizə xoş gəlmisiniz, deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Prezident göstəriş verib və Gənclər və İdman Nazirliyi öz köməkliyini edəcək”.

Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilib. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları gəliblər.

apasport.az