Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycanın bir karateçisi finala çıxıb.

Sportline.az xəbər verir ki, Əminağa Quliyev (60 kq) yarımfinalda Xristos-Stefanos Ksenosla (Yunanıstan) görüşüb.

Döyüşdə hesab açılmasa da, qələbə Azərbaycan idmançısına verilib. Əminağa Quliyev sentyabrın 4-də Kərim Aboeitta (Misir) ilə final görüşünə çıxacaq.

İslamiadanın mükafatçısı Tural Ağalarzadənin (66 kq) isə bürünc medal qazanmaq şansı var. Onun 1/4 finalda uduzduğu Steven da Kosta (Fransa) finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Hiroki Nakano (Yaponiya) olacaq.

Qeyd edək ki, sentyabrın 4-də bürünc medal uğrunda döyüşlər saat 10:30-dan, final görüşləri isə 15:30-dan etibarən başlayacaq.