Azərbaycan millisi finalda

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gəlib. 

"Tipos Arena"da keçirilən oyunun əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Xətai Bağırov 12-ci dəqiqədə hesabı açsa da, serblər 7 dəqiqə sonra cavab qolunu vurublar. Belədə oyunun taleyi penaltilər seriyasında həll olunub.

Yığmamızın heyətində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarovun zərbələri dəqiq alınıb. Penaltilər seriyasında 3:1 hesablı qələbə qazanan Azərbaycan millisi finala yüksəlib. Həlledici qarşılaşmada millimizin rəqibi Ukrayna yığması olacaq. 

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.