Azərbaycan Premyer Liqası ilə bağlı yeni layihə - APL Fantasy təqdim olundu

Bu gün AFFA-nın təşkilatçılığı ilə APL Fantasy layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə eyni zaman layihənin veb saytı və mobil tətbiqi təqdim olunub.

Tədbirin mahiyyətinə keçmədən əvvəl qeyd edək ki, "Fantasy football" iştirakçıların virtual futbol komandası formalaşdırdığı oyundur. Virtual komandanın üzvləri real yarışlarda çıxış edən futbolçuların prototipləridir və onların real oyunlarda göstərdikləri statistik nəticələrə əsasən iştirakçılar xal qazanırlar. Konsepsiya ilk dəfə 1991-ci ildə İngiltərədə geniş ictimaiyyətə təqdim olunub. Oyun İngiltərə Premyer Liqasının 1992/93 mövsümündə milli miqyasda geniş populyarlıq qazanıb.

Tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib ki, APL Fantasy layihəsinin əsas məqsədi Azərbaycan Premyer Liqasına marağı artırmaq və oyunlara daha çox azarkeş çox cəlb etməkdir. Onun sözlərinə görə, bu cür platformalar dünyanın aparıcı futbol liqalarında böyük populyarlıq qazanıb. C.Fərəcullayev qeyd edib ki, Azərbaycanda da layihəyə ciddi maraq olacağına inanırlar. O xatırladıb ki, təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi qeydiyyatdan keçib. Baş katib hesab edir ki, yeni platforma yerli çempionatın izlənməsinə əlavə diqqət yaradacaq.

"APL Fantasy layihəsini Premyer Liqamızı daha cəlbedici etmək üçün istifadəyə veririk. İnanırıq ki, bu platforma həm yeni azarkeşlər cəlb edəcək, həm də çempionatımıza marağı artıracaq. Təkcə İngiltərə Premyer Liqasının Fantasy oyununda Azərbaycandan 15 mindən çox istifadəçi var. Hesab edirik ki, yerli platformamız da böyük maraq doğuracaq".

Layihənin müəllifi, AFFA-nın Futbolun İnkişafı Departamentinin skautinq və analitika üzrə meneceri Ziya Əsgərov çıxışında bildirib ki, iştirakçılar yaratdıqları hesablara həm sayt, həm də mobil tətbiq vasitəsilə daxil ola bilərlər: "Hər bir istifadəçi iki komanda yaratmaq imkanına malikdir. Komandaya 15 futbolçu seçmək olar, lakin eyni klubdan ən çox üç oyunçu daxil edilə bilər. Seçilmiş futbolçuların vurduğu qollar və göstərdikləri nəticələr iştirakçıya xal qazandırır". 

Əsgərov əlavə edib ki, qaliblər üçün səyahət paketi, PlayStation 5 və sponsorların müxtəlif hədiyyələri nəzərdə tutulub. Onun sözlərinə görə, ötən mövsüm dünya üzrə FPL-də 13 milyon istifadəçi iştirak edib. Yaratdıqları layihədə məqsəd isə Azərbaycan futbolsevərlərinin də bu platformaya böyük maraq göstərməsinə nail olmaqdır.

Fantasy Premyer Liqasında futbolçuların qiymətləri və topladıqları xallar mövsüm ərzində dəyişə bilər. Onun sözlərinə görə, ən bahalı oyunçu hazırda Məhəmməd Salahdır və dəyəri 12 kreditdir. Ən aşağı qiymət isə 4 kreditdən başlayır.
Əsgərov qeyd edib ki, futbolçular uğurlu çıxış etdikcə onların kredit dəyəri artır, bu isə iştirakçılar arasında daha maraqlı rəqabət yaradır. O bildirib ki, istifadəçilər platformanın statistika bölməsində futbolçuların qol, məhsuldar ötürmə və digər göstəricilərini izləyə bilərlər.

AFFA nümayəndəsi qeyd edib ki, xal sistemi də futbolçuların meydandakı çıxışına əsaslanır. Məsələn, əsas heyətdə oyuna başlayan futbolçu əlavə xal qazanır, buraxılan qollar isə müdafiəçilər və qapıçılar üçün mənfi xal hesablanır. Qol vuran, penalti qazandırmış futbolçu isə komandaya əlavə xallar gətirir.

Ziya Əsgərov bildirib ki, istifadəçilər komanda yaratdıqdan sonra avtomatik olaraq seçdikləri klubun liqasına qoşulurlar. Onun sözlərinə görə, iştirakçılar açıq və qapalı formatda öz liqalarını da yarada bilərlər.

Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, Liqa və klublar Fantasy futbol ideyasını müsbət qarşılayıblar. 

Banner