Azərbaycan seçməsi 2-ci oldu
Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyanın Nalçik şəhərində keçirilən beynəlxalq turnirdə iştirakını yekunlaşdırıb. SportLine.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi milli rəsmi yarışlara hazırlıq çərçivəsində 2 yoldaşlıq görüşündə gücünü yoxlayıb.
Komandamız ilk qarşılaşmasında Qafqaz ölkələrinin yığması (Rusiya-2) ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:5 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimiz ardınca Rusiya-1-lə qüvvəsini sınayıb. İlk görüşdə Polşadan üstün olan rəqib bu dəfə də qələbə qazanıb – 6:4.
Beləliklə, komandamız turniri ikinci pillədə bitirib. Yığmamızın heyətində Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov və Pedro Alfonso (hər ikisi 81 kq) keçirdikləri hər iki görüşdə qələbə qazanıblar. Digər qələbələrimiz Elvin Məmişzadə (52 kq), Ruslan Rüstəmov (60 kq) və Rövşən Yaqubzadənin (91 kq) aktivindədir. Son 2 boksçunun hər biri 1 qarşılaşmada mübarizə aparıb.
Qeyd edək ki, Rusiya-1 birinci, Rusiya-2 üçüncü olduğu halda, Polşa millisi sonuncu yerdə qərarlaşıb.