Azərbaycanın iki klubu Avropa Kubokunda iştirak edəcək

Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə 2-9 oktyabr tarixlərində Avstriyanın Mayrhofen şəhərində Avropa Şahmat Klub Kuboku uğrunda çempionat keçiriləcək. 

Sportline.az xəbər verir ki, Mötəbər yarışda Azərbaycan iki klubla təmsil olunacaq. 37-ci dəfə təşkil edilən kişilərin yarışında ölkəmizin adından “Vüqar Həşimov” komandası yarışacaq. Komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər Babazadə və Anar Allahverdiyev çıxış edəcək. Anar Allahverdiyev həm də komandanın kapitanı olacaq. 

26-cı dəfə təşkil edilən qadınların yarışında “Odlar Yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım Balacayeva, Gövhər Beydullayeva mübarizə aparacaq. 

Turnir 7 turdan ibarət olacaq. İlk turun oyunları oktyabrın 3-də keçiriləcək.