Boks dünyasının ulduzları Bakıda

Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. 

Sportline.az xəbər verir ki, tədbirə 164 üzv ölkənin nümayəndələri qatılıb. 

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin HeydərovMilli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurusio Süleyman, Avropa Boks İttifaqının rəhbəri Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər şəxslər iştirak ediblər. 

Qonaqları salamlayan A.Rəhimov bildirib ki, növbəti 4 gün ərzində boksun ürəyi Azərbaycanda döyünəcək. Nazir bu idman növünün Azərbaycanda da inkişaf etdiyini diqqətə çatdırıb: “Məşhur boksçular burada çıxış edəcəklər. Bu gün işinə başlayan Konvensiyada boksun inkişafına daha da təkan verəcək qərarların qəbul olunacağına əminik. Azərbaycan 25 illik müstəqiliyyə malik olsa da, kifayət qədər yüksək nəticələr əldə edib. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 18 medal əldə etmişik. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Müxtəlif illərdə Azərbaycanda fərqli idman qurğuları inşa edilib. Ölkəmizdə idman pioritetdir. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları Azərbaycanda təşkil edilib". 

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun bir müddət əvvəl üçqat dünya çempionu olmasından fəxr hissi keçirdiklərini deyən A.Rəhimov belə nailiyyətlərin ölkədə boksun inkişafına təkan verəcəyinə inandığını vurğulayıb. 

Məşhur ukraynalı boksçu V.Kliçko WBC-nin 55-ci Konvensiyasının Azərbaycanda təşkil olunmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “Biz onunla keçən il görüşdük və WBC-nin Konvensiyasının Bakıda təşkil olunacağını danışdıq. Gənclər və idman naziri Azad Rəhimova da təşəkkür edirəm. Həm siyasətçi, həm də idmançı kimi Azərbaycanda möhtəşəm idman infrastrukturu görürəm. Dostluq münasibətinə görə təşəkkür edirəm. Azərbaycanda WBC üzrə peşəkarların olacağını görəcəyik. Qardaşım Vladimirin də salamlarını çatdırıram. Əslində, burada olmalı idi. Lakin hazırda İsveçrədə mühazirəsi olduğu üçün gələ bilmədi. O, heç vaxt WBC-də döyüşmədi. Çünki anamıza söz vermişik ki, bir-birimizlə savaşmayacağıq. Ona görə də qardaşım WBC-də yarışmayıb. Növbəti Konvensiya Ukraynanın paytaxtı Kiyevdə olacaq. Hamınızı dəvət edirəm”. 

Daha sonra Evander Holifild Konvensiyanın rəsmi açılışını elan edib. 

Dörd günlük Şuranın iclasının ilk günündə Reytinq Komitəsinin və Hakimlər Şurasının qapalı iclasları baş tutacaq. Növbəti günlərdə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsizlər və uşaq evlərinə də getməsi proqrama daxildir. 

Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası, Asiya Boks Şurasının görüşləri də baş tutacaq. Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın qatıldığı konqres oktyabrın 6-dək işini davam etdirəcək.

report.az