Boksçularımız 14 medal qazanıblar

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.

Sportline.az xəbər verir ki, yarışda ev sahibləri 2 komanda ilə mübarizə apardığı halda, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan milliləri ən güclü idmançılarla çıxış edib.

Baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərlik etdiyi komanda qonşu ölkədə 4 qızıl, 2 gümüş və 8 bürünc medal qazanıb.

Yeni məşqçilər korpusunun ilk sınağında Maqsud Xasmetov (52 kq), Rəşid Həsənov (64 kq), Murad Allahverdiyev (81 kq) və Əhməd Əhmədov (+91 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Milli üzvlərinin heyətində yer aldığı MOİK-in də qatıldığı turnirdə Əli Zamanovla (52 kq) Rüfət Nəbiyev (75 kq) yalnız finalda məğlub olaraq, ikinci yeri tutublar.

Komandamızın digər boksçularından Ruslan Qədirov, Həsənağa Fətullayev (hər ikisi 49 kq), Əzrək Bəbirov (56 kq) Eldar Babayev (60 kq), Samir Nəsirov (69 kq), Həsən Osmanlı (81 kq), Akif Həsənov (81 kq) və Fuad Cəfərov (+91 kq) bürünc medala sahib olublar.

Seçməmiz bu nəticə ilə turnirdə komanda hesabında birinci yeri tutub.