Boksçularımız Rusiyada 3 medal qazandılar

Rusiyanın Xantı-Mansiysk şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunan Neft Ölkələrinin Dünya Kuboku keçirilib.

SportLine.az xəbər verir ki, XVI dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da iştirak ediblər. 

Məhəmməd Abdullayev (+91) turniri qızıl medalla başa vurub. O, finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıb. Hər iki idmançı yarışı 3-cü pillədə başa vurub. Onlar yarımfinalda, müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub. Ev sahibi Rusiya həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.