Boksçularımızın rəqibləri müəyyənləşdi
Bu gün gənc boksçuların Avropa birinciliyi start götürəcək. SportLine.az xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəcəsində təmsil olunacaq.
Artıq boksçularımızın rəqibləri bəllidir. Onlardan ikisi bu gün rinqə çıxacaq. Həmyerlimizdən Ramazan Abdullayev (56 kq) Yordan Kamaço (İspaniya) ilə, Məhəmməd Abdullayev (+91 kq) Marek Korolkovla (Litva) üz-üzə gələcək.
Noyabrın 18-də “Sibur Arena”da daha 3 təmsilçimiz gücünü yoxlayacaq. Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.
Digər 3 idmançımızın mundialda debütü noyabrın 20-nə təsadüf edəcək. Onlardan Sərxan Əliyev (60 kq) Andru Solarte (Venesuela) ilə döyüşəcəyi halda, Pərviz Quliyev (69 kq) Bryan Polaso (Peru) - Xianq Qian (Çin), Rasim Çobanlı (75 kq) Yahor Skamorox (Belarus) - Sahruxbek Rüstəmov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.
Noyabrın 21-də isə Elbrus Əkbərov (91 kq) Kristian Pero (Kuba) - Nokolos Beqadze (Gürcüstan) duelinin güclüsü ilə mübarizə aparacaq.
Qeyd edək ki, 402 boksçunun qatıldığı yarış noyabrın 26-da başa çatacaq.