Bolqarıstana yollanacaq seçmə komandanın heyəti açıqlandı
Kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi fevralın 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq "Strandja" turnirinə qatılacaq.
SportLine.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bir həftəyədək davam edəcək yarışda 10 dəri əlcək ustası mübarizə aparacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev isə 3 boksçunu - Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) sınaqdan çıxaracaq.
Komanda Boks Mərkəzindəki təlim-məşq toplanışını yanvarın 12-də başa vuraraq, gecə saatlarında səfərə çıxacaq.
Qeyd edək ki, "Strandja" turniri 70-ci dəfə təşkil olunacaq.