Daha 3 boksçumuz 1/4 finalda
Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, yarışın 4-cü günü rinqə çıxan Azərbaycan millisinin 3 üzvü mərhələ adlamaqda çətinlik çəkməyib.
Belə ki, Cavid Çələbiyev (56 kq) ilk döyüşündə Vyaçeslav Qoyanla (Moldova) üz-üzə gəlib. Dünya çempionumuz rəqibini rinqə çıxmağa peşman edib – 3:0. O, 1/4 finalda bolqarıstanlı Stefan İvanovla döyüşəcək.
Çələbiyevin uğurunu Teymur Məmmədov da təkrarlayıb. Lakin 81 kq çəki dərəcəsində yarışan həmyerlimiz qələbəni heç də asan qazanmayıb. Rusiya yığmasının Gürcüstan əsilli boksçusu Georgi Kuşitaşvilini sınağa çəkən Olimpiya mükafatçımız 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinala gedən yolda türkiyəli Ünal Mehmetlə münasibətinə aydınlıq gətirəcək.
Abdulqadir Abdullayev (91 kq) də mübarizəni 1/4 finalda davam etdirəcək. O, 1/8 finalda Tadas Tamasausu (Litva) yarışdan kənarlaşdırıb – 3:0. Abdullayev ikinci görüşündə Darren O Neillə (İrlandiya) qarşılaşacaq.
Rioya lisenziya xarakterli turnirdə bu gün 1/4 final mərhələsinin qarşılaşmaları keçiriləcək. Çələbiyev, Məmmədov və Abdullayevlə yanaşı, Rüfət Hüseynov (49 kq), Lorenzo Sotomayor (64 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Yana Alekseyevna (60 kq) da yarımfinal üçün qüvvələrini sınayacaqlar. Onlar müvafiq olaraq, Samuel Karmona (İspaniya), Aleksandros Tsanikidis (Yunanıstan), Quido Vianello (İtaliya) və Aqnes Aleksiussonla (İsveç) döyüşəcəklər.
Qeyd edək ki, yığmamızın üzlərindən Anaxanım Ağayeva (51 kq), Yelena Vıstropova (75 kq) və Kamran Şahsuvarlı (75 kq) yarışla vidalaşıb.