Dünya çempionatı: İki boksçumuz yoluna davam edir

Rusiyanın Yekaterinburq şəhərində, boks üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, artıq 1/8 final mərhələsi arxada qalıb. 

Seçmə komandamızın 4 üzvündən ikisi bu mərhələni adlayanlar sırasındadır. 

Avropa Oyunlarının qalibi Alfonso Dominqes (81 kq) avstriyalı Umar Cambekova 4:1 hesabı ilə qalib gələrək 1/4 finada yüksəlib. O, bu mərhələdə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşacaq.

+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə misirli Yosri Rezk Mustafanı 3:2 hesabı ilə üstələyib. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə üz-üzə gələcək.
 
Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) isə 1/8 finalda məğlub olublar.
 
Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri bu gün keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.