"Dünya çempionu olmaq uşaqlıq arzum idi"
“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”.
Sportline.az xəbər verir ki, bu sözləri 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medal qazanmış azərbaycanlı şahmatçı Gövhər Beydullayeva FİDE-nin mətbuat xidmətinə açıqlamasında deyib.
Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formada ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm".
G.Beydullayevə dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayıb: " Məbim üçün xüsusi duyğudur. Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".
O, qarşıdakı hədəfləri barədə deyib: "Yəqin ki, dünya kubokuna qatılacağam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəyəm".