Elvin Məmişzadə: "Qələbə qazanacağıma əmin idim"

Boks seçməmizin üzvü Elvin Məmişzadə Rio-2016 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra çıxışı barədə fikirlərini bölüşüb. SportLine.az idmançının müsahibəsini təqdim edir:

- İlk döyüşünüzdə qalib gəldiniz. Təəssüratlarınız necədir?
- İlk döyüşüm olduğu üçün mənə bir az ağır oldu. İnanıram ki, ikinci görüşümü bundan daha yaxşı keçirəcəyəm

- Bundan öncə Oljas Sattibayevlə qarşılaşmışdınız?
- London Olimpiadasından öncə rəqib olmuşduq. Həmin vaxt da döyüşüm yaxşı alınmışdı və qalib gəlmişdim.

- Artıq neçənci dəfədir, Qazaxıstan təmsilçiləri bizim boksçulara rəqib olur və bundan öncəki duellərdə rəqib qələbə qazanıb. Bu, döyüşdən əvvəl sizdə əlavə psixoloji gərginlik yaradırdı?
- Rəqib tanış idi. Dediyim kimi, ona bir dəfə qalib gəlmişdim. Buna görə, çox rahat idim. Rinqə rahat çıxdım, döyüşümü də rahat keçirdim. Qələbə qazanacağıma əmin idi.

- Növbəti döyüş barədə nə düşünürsünüz?
- 1/4 finalda özbəkistanlı boksçu ilə qarşılaşacağam. Məşqçilərlə bir yerdə hazırlaşacağıq. Rəqibi analiz etdikdən sonra əks taktikalarımız da olacaq.

- Dünya çempionusunuz. İndi isə Olimpiya Oyunlarında çıxış edirsiniz. Hansı daha çətindir?
- Heç bir yarış asan deyil. Olimpiya Oyunları isə tamam fərqlidir. Burada məsuliyyət daha çoxdur.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi