Fariz Məmmədov: "Artıq yorulmuşam"

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov karyerasında son döyüşünə hazırlaşır. SportLine.az xəbər verir ki, 35 yaşlı idmançı boks tariximizdə ilk dəfə WBF kəməri uğrunda döyüşə çıxacaq. Rəqib isə Uqanda təmsilçisi Badru Lusambiadır. Keçirdiyi 28 döyüşün 24-də qələbə qazanan Lusambia 22 dəfə rəqiblərini nakauta uğradıb. Fariz də rəqibinin gücünə bələddir. Bu gün keçirilən açıq məşqdən sonra boksçu rəqibini dəyərləndirib: "Rəqibim çox güclüdür. Ümumiyyətlə, dünya çempionluğu uğrunda döyüşdə zəif rəqib olmur. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydır ona qarşı hazırlaşıram".

WBO və WBCA versiyalarında Avropa kəmərinin sahibi olan Fariz Məmmədov karyerasını bitirmə səbəbindən də danışıb:

"Artıq yorulmuşam. 6 aydır, bu döyüşlə yaşayıram. Həm fiziki, həm mənəvi cəhətdən yorğunam. Hər birimizin doğulanda bir arzusu olur. Mənim də boksda hədəfim bu idi. Çünki bundan böyük zirvə yoxdur.

Şükürlər olsun ki, 7 illik fasilədən sonra böyük idmana qayıtdım. Səbəbkar olan insanlara təşəkkürlərim sonsuzdur. Cəmiyyət də mənə qucaq açdı. Avropa çempionu oldum və bir neçə titul qazandım".

Qeyd edək ki, Fariz Məmmədovla Badru Lusambia arasında  fevralın 6-sı keçilicək döyüş saat 19-da başlanacaq.