Fariz Məmmədov: "Bu döyüş 15 ilin həsrətidir"

Fevralın 6-da Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq. SportLine.az xəbər verir ki, təmsilçimizlə uqandalı Badru Lusambia arasında baş tutacaq qarşılaşmadan bir gün öncə çəkiölçmə mərasimi və mətbuat konfransı təşkil olunub.

Boks Mərkəzində keçirilən tədbirdə Məmmədov və Lusambia ilə yanaşı, onların məşqçiləri, WBF supervayzaeri Toni Tiberi, həmçinin WBCA-nın supervayzeri Yaşar Niftəliyev də iştirak ediblər.

Döyüş haqda fikirlərini açıqlayan Məmmədov qarşılaşmanın vacibliyini qeyd edib: “Bu döyüş 15 ilin həsrətidi. Boksa başlayanda məhz bu titul uğrunda döyüşmək arzusunda idim. Artıq həmin an çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və “Qəbələ” Idman Klubunun rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələni edib, bütün bacarığımı rinqdə göstətəcəyəm. Güclü rəqiblə qarşşılaşmağım məni sevindirir. O da çox iddialıdır. Uqandalının döyüşə yaxşı hazırlaşdığını bilirəm. Lakin düşünürəm ki, onun qələbə qazanmaq arzusunu ürəyində qoyacağam. Əlimə düşən imkanı qaçırmayacağam. Mən 2015-ci ilin avqustundan bu qarşılaşmaya hazırlaşıram. İki ukraynalı məşqçinin rəhbərliyi altında 10 həftə fiziki, 6 həftə isə boks hazırlığı keçmişəm. Döyüşə çox ciddi yanaşıram və bütün gücümlə vuruşacağam. Bu, karyeramda ən vacib döyüşdür. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm. Bu döyüşə tam hazıram”. 

Lusambia çıxış edərək, Azərbaycana ilk gəlişində rəqibimi məğlub edib, çempionluq kəmərlərini aparmaq iddiasında olduğunu bildirib. Boksçuların məşqçiləri, həmçinin WBF və WBCA supervayzerləri döyüşlə bağlı fikirlərini açıqladıqdan sonra idmançıların çəkiölçmə mərasimi keçirilib.

Xatırladaq ki, Məmmədovla Lusambia arasında fevralın 6-da keçiriləcək döyüş saat 19:00-da başlayacaq. Qarşılaşma Boks Mərkəzində baş tutacaq.

Klub saytı