Fariz Məmmədov döyüşə hazırlaşır
Azərbaycanlı peşəkar boksçu, “Qəbələ” İdman Klubunun (İK) üzvü Fariz Məmmədov növbəti döyüşünə hazırlaşır.
SportLine.az "Qəbələ İK" qəzetinə istinadən xəbər verir ki, WBO və WBCA versiyaları üzrə Avropa kəmərinin sahibi olan idmançı bu dəfə WBF versiyasında dünya çempionluğu uğrunda mübarizə aparacaq.
Bu, Azərbaycan peşəkar boks tarixinə həm də yeni bir səhifənin açılmasına səbəb olacaq. Çünki Fariz WBF versiyasında dünya kəməri uğrunda döyüşəcək ilk boksçumuz kimi tarixə düşəcək. Rəqib və hazırlıq barədə 35 yaşlı rinq ustası müsahibəsində ətraflı danışıb.
– Qarşıdakı döyüşə bu ilin avqustundan etibarən Ukraynanın Xarkov şəhərində, iki yerli məşqçi ilə hazırlaşıram. Eyni zamanda, 2 həkim ümumi fiziki sağlamlığıma və məşqlərin tempinə nəzarət edir. Hazırlıq prosesi 4 hissəyə bölünüb. İlk 4 həftədə ümumi fiziki, sonrakı 2 həftədə xüsusi fiziki hazırlığa diqqət ayrılıb. Ardınca 4 həftə sırf boks hazırlığı ilə məşğul olmuşam. Bir həftəlik istirahətdən sonra isə yarış hazırlığına start verdik. Məşq prosesindən razıyam, peşəkar komandamla birgə qarşıdakı döyüşə ciddi hazırlaşırıq.
– Hazırlıq üçün məhz Ukraynanı seçməyiniz nə ilə bağlıdır?
– Bilirsiniz ki, mən döyüşlərə çox vaxt xarici ölkədə hazırlaşıram. Ukraynada peşəkar boks çox inkişaf edib. Bu ölkəni seçməyimin əsas səbəblərdən biri də budur. Əslində, hazırlığın son 2 həftəsini Qəbələdə keçmək istəyirdim. Lakin bizdə sparrinq rəqiblər tapmaq çox çətindir. Təsəvvür edin ki, Xarkovda cəmi 1 zala daxil oldum və dərhal 4 sparrinq rəqib tapdım. Özü də onların hamısı rəqibimə uyğun olaraq solaxaydır. Bilirsiniz ki, peşəkar boksda sol əllə döyüşənlər azlıq təşkil edir. Ancaq Ukraynada bu baxımdan problem yaşanmadığından, sona qədər burada hazırlaşmaq qərarına gəldim.
– Hazırlıq prosesinin uzunmüddətli olması görünür döyüşə həddən artıq məsuliyyətlə yanaşmağınızdan irəli gəlir. Axı siz heç vaxt bir döyüşün hazırlığına 4 ay vaxt sərf etməməsiniz.
– Elədir. Lusambia ilə döyüş mənim üçün böyük əhəmiyyət kəsb edir. Peşəkar boksçu karyeramda 14 ildən sonra nəhayət, ilk dəfə dünya çempionluğu uğrunda vuruşmaq hüququ qazanmışam. Ona görə də, həmişəki kimi, 1-2 ay yox, 4 aylıq təlim-məşq toplanışı keçmək qərarına gəldik. Düzünü desəm, “dünya kəməri” uğrunda döyüşəcəyimə son həftələrə qədər inanmırdım. Axı belə şərəf hər boksçuya nəsib olmur. WBF dünya çempionluğu uğrunda döyüşümə noyabrın ortalarında rəsmən icazə verib. Şükürlər olsun ki, beynəlxalq federasiyadan rəsmi təsdiq almışam. Bunu kiçik qələbə də adlandırmaq olar, indi qalır xalqımızı, bütün peşəkar boks azarkeşlərini rənqdəki qələbə ilə sevindirmək.
– Rəqib barədə nə bilirsiniz?
– İlk dəfə WBF versiyası üzrə “dünya kəməri” uğrunda döyüşə cıxacağam. Rəqibim Afrika qitəsindəndir, daha dəqiqi Uqandanı təmsil edən 33 yaşlı Badru Lusambiadır. Hər ikimizin çəkisi eyni – 69,9 kq-dır. Demək olar, peşəkar boksda stajı elə mənimki qədərdir: 13 il. Onun aktivində 24 qələbə var ki, bunların da 22-ni nokautla qazanıb. Qalan 4 döyüşün 2-də uduzub, 2-ni isə heç-heçə bitirib.
– Dünya çempionu titulundan savayı döyüşün Bakıda keçirilməsi də yəqin ki, məsuliyyəti birə-beş artıracaq.
– Elədir. Dekabrın 19-da Bakıda, doğma xalqım önündə məni çətin və məsuliyyətli görüş gözləyir. Dünya çempionluğu uğrunda döyüşmək hüququnu bu ilin mayın 2-də Andrey Abramenko üzərində qələbədən sonra əldə etmişəm. Döyüşün harada təşkil edilməsi ilə bağlı isə bir neçə variant ortaya çıxmışdı. Amerika, Avropa, eləcə də Ukraynada rinqə çıxmaq olardı. İyun ayında, I Avropa Oyunları zamanı “Qəbələ” İK-nın prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfovdan növbəti döyüşümün Azərbaycanda keçirilməsini xahiş etdim. Məqsədim qələbə qazanıb, “Qəbələ” klubunun, həmçinin xalqımızın haqqını qaytarmaqdır. Çünki öz ölkəmdə 1 il ərzində 2 dəfə məğlub olmağım məni məyus edib. İndi üzərimə düşən haqqı ödəmək niyyətindəyəm. Mənə etimad göstərib, yenidən Azərbaycanda rinqə çıxmağıma razılıq verdiklərinə görə, “Qəbələ” İK rəhbərliyinə minnətdarlığımı bildirirəm.