FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov qrupda sonuncu oyununu keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.

Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu - VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Məmmədyarov yalnız qələbə qazanacağı təqdirdə qrup lideri ola biləcək. Məmmədyarov əvvəlki 5 turda heç-heçə edib. D qrupunun digər oyununda çinli Yu Yanqyu rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Hazırda Vaşye-Laqrav 2,5 xalla liderdir. Hərəyə 2 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.