Gövhər Beydullayeva: "Şuşada insan təkcə şahmat barədə düşünmür"
"Shusha Chess 2022" beynəlxalq turnirinin iştirakçısı, Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva yarışla bağlı fikirlərini açıqlayıb.
Sportline.az xəbər verir ki, xanım şahmatçı ilk turnirin gərgin mübarizə şəraitində keçdiyini deyib: “Şuşa turnirində maraqlı mübarizə izləyirik. Kifayət qədər maraqlı oyunlar var. Klassik şahmat olmadığı üçün əvvəlcədən oyun barədə danışmaq çətindir. Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq”.
Təşkilatçılığı yüksək qiymətləndirən G.Beydullayeva Azərbaycan üçün yarışın böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu yarış Azərbaycana görə çox vacibdir. İlk dəfə olmasına baxmayaraq təşkilatçılıqda problem görmədim. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbi şahmatçılar Şuşada təşkilatçılıqdan razıdırlar. Ümumiyyətlə Şuşada insan təkcə şahmat barədə düşünmür. Şəhər hər birimizə çox maraqlıdır. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq”.