“Göyün 7-ci qatı”ndan “C” qrupunun 5-ci pilləsinə gedən yol - LAYİHƏ
SportLine.az saytı oxucularının görüşünə yeni layihə ilə gəlir. AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə reallaşacaq budəfəki layihədə, Azərbaycan millisinin son seçmə mərhələdəki çıxışından bəhs edəcəyik. Layihə çərçivəsində sizə təqdim edəcəyimiz yazılarda seçmə mərhələnin analitik-statistik yekununu mütəxəssislərlə birlikdə aparmağa çalışacağıq. Bununla yanaşı, AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması yollarını, eləcə də yığmanı gücləndirmək imkanlarını araşdıracağıq.
Şimal qonşumuz Rusiyanın ev sahibliyi edəcəyi mundial bizim üçün də xüsusi əhəmiyyət kəsb edirdi. İlk dəfə idi ki, planetin ən nüfuzlu futbol yarışı Azərbaycanın sərhədlərinə bu qədər yaxınlaşmışdı. Milli komandamız mundiala qatılacağı halda tariximizdə yeni səhifə açmaqla yanaşı, özü üçün böyük azarkeş dəstəyini təmin etmiş olacaqdı. Həm Rusiya və qonşu ölkələrdə məskunlaşmış həmvətənlərimiz, həm də Azərbaycanda yaşayan futbolsevərlər millimizə dəstək olmaq üçün dünya çempionatının keçiriləcəyi stadionlara üz tutacaqdılar. Bütün bunları nəzərə alan AFFA ruh yüksəkliyini qaldırmaq, özünəinamı artırmaq üçün seçmə mərhələyə “Niyə də yox” şüarı ilə start verdi.
Uğurlu starta aparan yol
AFFA rəhbərliyi 2014-cü ilin oktyabrında almaniyalı çalışdırıcı Berti Foqtsla yolları ayırmağa qərar verdi. Ayın nəhs günündə Osiyek şəhərinin “Qradski” stadionunda keçirilən Xorvatiya ilə qarşılaşma Foqtsun millimizin sükanı arxasında sonuncu oyunu oldu. 0:6 hesablı məğlubiyyətdən sonra tərəflər aralarındakı müqaviləyə son qoymaq üçün qarşılıqlı razılıq əldə etdilər. Seçmə komanda müvəqqəti olaraq Mahmud Qurbanova həvalə edildi və millimizi Norveçlə oyuna məhz o çıxardı. Amma paralel olaraq məşqçi axtarışları davam etdirilirdi. Bu axtarışlardan sonra AFFA xorvatiyalı mütəxəssis Robert Prosineçkinin üzərində dayandı. AFFA İcraiyyə Komitəsinin 2014-cü ilin 3 dekabrında keçirilən iclasında, Prosineçki Azərbaycan millisinin baş məşqçisi vəzfəsinə təyin olundu. Xorvatiyalı mütəxəssislə üç illik müqavilə imzalandı. Bu isə o demək idi ki, milli komandamızı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində qalan 6 oyuna məhz o hazırlayacaqdı.
Milli yeni baş məşqçi ilə ilk rəsmi oyununu Maltaya qarşı keçirdi və 2:0 hesablı qələbə ilə azarkeşlərini sevindirdi. Növbəti 3 qarşılaşmada isə heç-heçə qeydə alındı. Səfərdə Norveçlə, Bakıda isə Xorvatiya ilə qolsuz bərabərliyə nail olan komandamızın Malta ilə qarşılaşması xeyli məhsuldar oldu. Rahid Əmirquliyevin dubl etdiyi oyunda rəqibin iki dəfə fərqlənməsinə mane ola bilməyincə bir xala razılaşdıq. Motivasiyası elə də yüksək olmayan millinin İtaliya və Bolqarıstana uduzması isə bizi çox da narahat etmədi. Artıq azarkeşlərin ürəyində ümid qığılcımları alovlanmış, AFFA rəhbərliyi isə Prosineçkinin timsalında düzgün seçim etdiyinə əminliyini artırmışdı. Onsuz da əvvəlcədən elan olunmuşdu ki, Avropa çempionatının seçmə mərhələsində xorvatiyalı mütəxəssisdən elə də böyük dəyişiklik və yüksək nəticə tələb olunmayacaq. Əsas hədəf dünya çempionatının seçmə oyunlarında yaxşı çıxış etməkdir.
Rusiyanın Sankt-Peterburq şəhərində 2015-ci ilin iyul ayının 25-də atılan püşkdən sonra Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində “C” qrupunda yer alacağı məlum oldu. Rəqiblərimiz isə son təsnifatdan bizə tanış olan Norveçlə yanaşı dünya çempionu Almaniya, Çexiya, Şimali İrlandiya və San Marino milliləri idi. Qrupumuzun şəksiz favoriti sayılan almanların baş məşqçisi Yoahim Löv püşkatma mərasimindən sonrakı ilk açıqlamasında San Marino ilə yanaşı Azərbaycan millisini də rəqib kimi görmədiyinə işarə vurmuşdu.
Sitat: “Kifayət qədər maraqlı qrupa düşmüşük. Birinci yeri tutmaq üçün çalışacağımız məlum məsələdir. Çünki biz hazırkı dünya çempionlarıyıq. Çexlər, Norveç və Şimali İrlandiya milliləri iddialarını artırıblar, son zamanlarda yaxşı nəticələr qazanırlar...”
Hadisələrin gedişatını qabaqlayaraq qeyd edək ki, millimiz Lövü yanıltmağı qismən də olsa bacardı. Hətta iş o yerə gəlib çatmışdı ki, Bakıya səfərdən öncə almaniyalı mütəxəssis Azərbaycanla oyunu qrupun mərkəzi qarşılaşması da adlandırmışdı.
Prosineçki yola kimlərlə çıxmışdı?
Xorvatiyalı mütəxəssis çiyinlərini ağır məsuliyyətin altına verdiyinin fərqində idi. Ondan Azərbaycan millisini yeni səviyyəyə qaldırmaq, Berti Foqtsun milli üzvlərinə aşıladığı cansıxıcı müdafiə futbolundan imtina etmək tələb olunurdu. Belədə Prosineçki milli komandanın baxımlı futbol sərgiləməsinə nail olmaqla yanaşı nəticələri də yaxşılaşdırmağa da çalışmalı idi. Qarşıda onu bir-birindən çətin 10 qarşılaşma, keçiləsi uzun yol gözləyirdi. Azərbaycan çempionatını və futbolçuların potensialını öyrənmək üçün yetərincə vaxtının olması Prosineçkinin işini asanlaşdıran məqam idi. Milli komandanı Avropa çempionatının seçmə mərhələsində altı oyuna çıxaran xorvatiyalı mütəxəssis artıq milliyə namizəd sayılan futbolçuların hamısını iş başında görə bilmiş, onların ayrı-ayrılıqda müsbət və mənfi cəhətlərini müəyyənləşdirmişdi. Elə bunun nəticəsi idi ki, dünya çempionatının seçmə oyunları zamanı millimizin baş məşqçisi eksprement aparmağa ehtiyac duymadı, əsasən eyni futbolçuların xidmətindən yararlanmağa üstünlük verdi. Düzdür, Prosineçkinin 10 rəsmi oyunda cəmi 27 futbolçunun xidmətindən istifadə etməsi, həm də rəqabətin aşağı olmasının, seçim imkanının məhdudluğunun göstəricisidir.
Tez-tez klub dəyişən, müntəzəm meydana çıxmayan Kamran Ağayevin millinin keçirdiyi 10 oyundan 9-da “çərçivə”ni qoruması məhz yuxarıda qeyd etdiyimiz amillə bağlıdır. Təsadüfi deyil ki, Prosineçki yalnız bir qarşılaşmada Səlahət Ağayevə qapını qorumağı tapşırıb. Həmin görüşdə də rəqibimiz aşkar autsayder San Marino olub. Maraqlıdır ki, “cırtdanlar”ın seçmə mərhələ ərzində vurduğu iki qoldan birini məhz Səlahət tordan çıxarıb.
Dünya çempionatının seçmə oyunları zamanı meydana çıxan 27 futbolçunun tam siyahısı isə belədir:
1 2 3 4 5 6
- Qara Qarayev 10 755 0 1 0
- Rahid Əmirquliyev 10 732 0 0 0
- Ramil Şeydayev 10 534 1 1 0
- Kamran Ağayev 9 810 0 0 0
- Dmitri Nazarov 9 599 1 2 0
- Məhəmməd Mirzəbəyov 8 720 0 0 0
- Bədavi Hüseynov 8 630 0 0 1
- Əfran İsmayılov 8 598 3 0 0
- Rəşad Sadıqov 7 630 1 0 0
- Ruslan Qurbanov 7 395 1 1 0
- Maksim Medvedev 6 540 1 2 0
- Cavid Hüseynov 6 487 0 1 0
- Namiq Ələsgərov 6 223 0 1 0
- Riçard Almeyda 5 450 0 1 0
- Ağabala Ramazanov 5 240 0 0 0
- Arif Daşdəmirov 4 360 0 0 0
- Pavel Paşayev 4 360 0 0 0
- Araz Abdullayev 3 76 1 0 0
- Eddi İsrafilov 3 69 0 0 0
- Təmkin Xəlilzadə 2 180 0 0 0
- Emin Mahmudov 2 82 0 1 0
- Mahir Mədətov 2 73 0 0 0
- Dəniz Yılmaz 2 68 0 0 0
- Ruslan Abışov 1 90 0 0 0
- Səlahət Ağayev 1 90 0 0 0
- Tərlan Quliyev 1 90 0 0 0
- Rinad Danaşov 1 18 0 0 0
Qeyd: 1 – futbolçu, 2 – meydana çıxdığı oyunların sayı, 3 – meydanda olduğu dəqiqə, 4 – qol, 5 – sarı vərəqə, 6 – qırmızı vərəqə.
Bu cədvəldən də aydın olur ki, 27 futbolçudan üçü – Qara Qarayev, Rahid Əmirquliyev və Ramil Şeydayev 10 oyunun hamısında meydana çıxıb. Amma rekord göstəriciyə imza atmaq, yəni bütün görüşlərdə 90 dəqiqə meydanda olmaq onların heç birinə nəsib olmayıb. Dəqiqə göstəricisinə görə hamını qabaqlayan Qara Rahidlə birlikdə 8 görüşdə start heyətdə yer alıb. Bundan başqa Rahid 3 görüşdə kapitan sarğısı ilə çıxış edib. Qalan 7 görüşdə isə millimizin kapitanı Rəşad Sadıqov olub. Seçmə mərhələdə 10 dəfə fərqlənən millimizin “bombardiri” Əfran İsmayılovdur. San Marino ilə görüşdə dubl müəllifi olan Əfran Çexiyanı da penalti zərbəsi ilə məyus edib. Ramil Şeydayev, Maksim Medvedev, Rəşad Sadıqov, Dmitri Nazarov, Araz Abdullayev və Ruslan Qurbanov hərəyə bir dəfə qol sevinci yaşayıblar. San Marino ilə Bakıdakı görüşdə Miçel Çevole öz qapısının torunu silkələyib.
Gözləniləndən də uğurlu start
Bu seçmə mərhələ həm də bizim üçün rekordla əlamətdar oldu. İndiyə qədər millimiz qrup mərhələsində ən çox 9 xal toplaya bilmişdi. Prosineçkinin rəhbərliyi ilə bu rekordu təzələmək, aktivimizə 10 xal yazmaq mümkün oldu. Sözsüz ki, rekordun qeydə alınmasında uğurlu start götürməyimiz həlledici idi. İlk üç oyunda uduzmayan komandamız 7 xal toplamaqla tarixi göstəriciyə imza atmışdı.
Təqvimə əsasən millimiz seçmə mərhələyə 2016-cı ilin sentyabrın 4-də səfərdə, San Marino ilə qarşılaşma ilə start verdi. Cəmi 886 azarkeşin tribunadan canlı izlədiyi qarşılaşma millimizin diqtəsi ilə keçsə də, rəqibi cəmi bir dəfə məyus etmək mümkün oldu. Bizə qələbə gətirən qola Ruslan Qurbanov 45-ci dəqiqədə imza atdı. Həmin qarşılaşmada rəqibin San Marino olması əvvəlcədən hər kəsi qələbəyə inandırmışdı. Çoxları millimizdən darmadağın gözləyirdi. Bu mənada minimal hesablı qələbəyə görə komandamızı tənqid edənlər də tapıldı. Amma növbəti turda qazanılan qələbə sözün əsl mənasında xoş sürpriz oldu. Bakı Olimpiya Stadionunda 11 min azarkeşin izlədiyi Norveçlə qarşılaşma milli komandamızın qələbəsi ilə yekunlaşdı. Maksim Medvedevin 11-ci dəqiqədə vurduğu qol millimizə 3 xal, azarkeşlərimizə isə böyük ruh yüksəkliyi gətirdi. İndiyə qədər milli komandamız heç vaxt seçmə mərhələyə belə uğurlu start verməmişdi. İki oyuna maksimum nəticə göstərən millimiz Almaniya ilə birlikdə “C” qrupuna başçılıq edirdi. Bu qarşılaşmadan sonra, oktyabrın 11-də Prosineçkinin çalışdırdığı milli komandamız daha bir uğura imza atdı. Ostrava şəhərinin stadionunda keçirilən qarşılaşmada tərəflər qolsuz bərabərliyə razılaşdılar. Bu isə millimizin ilk üç qarşılaşmada 7 xal qazanmaqla yanaşı qapısını toxunulmaz saxlamağı bacarması demək idi.
Qazanılan nəticələr, toplanan xallar bir andaca Azərbaycan millisinə olan münasibəti dəyişdi. Artıq rəqiblərimiz, Avropanın idman mətbuatı millimizin çıxışına daha böyük diqqət ayırır, bizi daha ciddi qəbul edirdilər. Azarkeşlər də seçmə mərhələnin bizim üçün fantastik davam edəcəyinə, Rusiyada keçirilən dünya çempionatına yollanmaq fürsətini əldən buraxmayacağımıza inanırdılar. “Niyə də yox” şüarı populyarlaşmaqda, xəyallar gerçəkliyə çevrilməkdə idi. Amma uğurlu çıxışın davamını gətirmək, 2-ci pilləni sona qədər qoruyub saxlamaq mümkün olmadı. Növbəti yazılarımızda səbəbləri araşdırdıqca, mütəxəssislərin fikirlərini dinlədikcə maraqlı məqamlarla qarşılaşacaq, vacib nüansları öyrənəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir